Bu da Türkiyənin Azərbaycandakı yeni səfiri - Alpər Coşqun

21 Sentyabr 2012 15:24 (UTC+04:00)


Xarici işlər naziri (XİN) Elmar Məmmədyarov Türkiyənin ölkəmizə yeni təyin olunan səfiri İsmayıl Alpər Coşqunu qəbul edib.

Bu barədə AzNews.az-a XİN-nin mətbuat xidmətidən məlumat verilib. Məlumatda bildirilib ki, nazir Elmar Məmmədayarov İsmayıl Alpər Coşqunu ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Elmar Məmmədyarov iki dost və qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, regional enerji layihələrinin reallaşdırılmasında hər iki ölkənin mühüm rol oynadığını və TANAP layihəsi ilə bağlı müqavilənin imzalanmasının iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı daha yüksək müstəviyə çıxaracağını bildirib.

Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə sonuncu səfərinin yüksək əhəmiyyətini qeyd edib. Türkiyənin yeni səfiri İsmayıl Alpər Coşqun ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu və yüksək səviyyədə olan ikitərəfli münasibətləri daha da dərinləşdirmək istiqamətində fəaliyyət göstərəcəyini nəzərə çatdırıb.

Ölkəmizin regionun çox mühüm strateji ölkəsi olduğunu diqqətə çatdıran səfir, qardaş Türkiyənin bütün məsələlərdə Azərbaycanın yanında olacağını bir daha təsdiqləyib.

AzNews.az