Elza Seyidcahan: “Aygün Kazımova şərəfsiz, ləyaqətsiz və şeytanlaşmış adamdır” – EKSKLÜZİV

21 Sentyabr 2012 22:56 (UTC+04:00)


"Mən öz sənətimlə, işimlə məşğulam. İki ildir ki, təmənnasız "Tanıdım səni" layihəsində ucqar kəndlərdən istedadlılar axtarırıq. Bizi bu layihəyə də qısqanırlar. Amma elə insanlar var ki, mən onlara nifrət etmirəm, onlardan iyrənirəm. Belə bir məsəl var: "Sayanın quluyam, saymayanın ağasıyam". Mən heç onların ağası da deyiləm. Məni saymayan insandan üz çevirib gedirəm ki, onun üzün görməyim. Çünki ondan iyrənirəm. O, kimdir ki, mən ona ağalıq edim? Mən onun bu hərəkətinə fikir də vermədim. Çünki sülhsevər insanam. Sadəcə, orada jurnalistlər üstümə axışdılar.... jurnalistlər elə bildilər ki, mən bu xanımdan qorxuram, çəkinirəm. Efirdə bu xanım haqqında öz sözlərimi dedim. Dedim ki, o, əqidəsiz bir insandır. Şərəfsiz, ləyaqətsizdir. Çünki Azərbaycan xalqının sənətkarını başqa dövlətin səfirinin yanında belə aşağılamaq... bu, ən azında xəyanətkarlıqdır".

Bu cümlələri AzNews.az-a Əməkdar artist Elza Seyidcahan həmkarı, Xalq artisti Aygün Kazımovaya ünvanlandırıb. Elza xanımı hiddətlənməsinə səbəb A.Kazımovadan nümayişkaranə halda gördüyü hörmətsizlik olub. Belə ki, dünən (20.09.2012) xəz dəri geyimləri şirkətinin yeni mövsümünün açılış mərasimində iştirak edən müğənnilər arasında qalmaqal yaşanıb. Aydın olub ki, şirkətin siması A.Kazımova tortkəsmə məqamında qonaqlar şirniyyatdan bir parça versə də, E.Seyidacahanı saymayıb və ona tort verməyib. A.Kazımovanın bu "jesti" E.Seyidcahanı özündən çıxarıb və həmkarı haqqında kəskin fikirlər səsləndirib.

Onu da qeyd edək ki, xəz dəri geyimləri şirkəti Yunanistanın məhsulu olduğu üçün, Yunanıstanın Azərbaycandakı səfiri də tədbirdə iştirak edib.

E.Seyidcahan hadisəni izah edərək, A.Kazımovanı şeytan adlandırıb:

"Bir dəfə mömin insan şeytandan soruşub ki, ay şeytan, sənə bir sual vermək istəyirəm. Şeytan da qarşısındakı mömin insana baxıb və onun dürüst olduğunu hiss edib. O, möminə cavab verib ki, səni azdırmaycağam, sualına düzgün cavab verəcəyəm. Mömin insan sual verir: Ay şeytan, ən böyük günah nədir? Şeytan da cavabında "mənəm-mənəm demə, sonda mən olarsan" deyib.

Bu insanlar o qədər mənəm-mənəm deyiblər ki, özləri də bilmədən sonda şeytanlaşıblar. Bilmirsən ki, nə hoqqadan, nə işdən çıxırlar. Yəni ki, onun dünən mənə qarşı olan hərəkəti inanın ki, orada səfirliyin nümayəndələrində mənfi fikir formalaşdırdı. Onlar düşündülər ki, Elza necə murdar insandır ki, bu xanım da ona qarşı bu cür tərbiyəsizlik etdi. Mənimlə onun arasında dava-dalaş olmayıb. Dava-dalaş da olsaydı belə, o, orada tortdan bir parça mənə də verməliydi. Çünki onun oradakı missiyası şirkətin tortunu kəsmək idi. Evinin açılışını etmirsən. Bu, sənin dədənin, sənin ad gününün və qızının toyunun tortu deyil. Bu şirkətin mövsümlə bağlı açılış tədbiridir ki, bunun da bir üzvü mənəm. Ona görə ora gəlmişəm. Tortu kəsə bilmirsənsə, müdiriyyəti çağırardın və deyərdin ki, burada elə bir insanlar var ki, tortu kəsməklə onların xətrinə dəyə bilərəm. Siz kəsin, siz paylaşdırın. Məcazi mənada Aygün xanımın pak əli... ömür boyu onun əli qəlyan tutmaqla məşğuldur. Heç, mən istəməzdim ki, mənim kimi siqaret çəkməyən adama onun qəlyan tutan əli o tortu təqdim etsin".

A.Kazmovanı şirkətin süni üzvü adlandıran Əməkdar artist, onu da əlavə edib ki, həmin şirkətdən nə özü, nə də bu hadisədən xəbərdar olan dostları-tanışları alış-veriş etməyəcəklər:

"Aygün Kazımova onların süni üzvləridir. Guya ki, gözəlləşdirir. Heç də elə deyil. Bu gündən sonra şirkətin xəz dəri geyimlərini istifadə etməyə etiraz edirəm. Hətta, bu söhbəti eşidən dostlarım da, həmin şirkətdən üz döndəriblər. Mən İlhamə xanımın və səfirin yanında durmuşdum. Bu tədbirdə düşmənçiliyin yeri yox idi. Bu, xalqına xəyanətdir. Gərək, belə insanları efirə çıxarmayasan. O, tortu mənə ona görə təqdim etməyib ki, xəyanətkardı, xaindir, xalqını sevməyən bir insandır. Xalqının sənətkarını əcnəbi insanların yanında belə aşağılayan insandan, sən nə gözləyirsən?! Mən ona sözümü deyirəm ki, sən şərəfsiz bir insansan, xalqını, sənətkarını sevməyən eqoist bir xanımsan. Mən də dünənki günümə nifrət edirəm ki, ora gedib, Aygün kimi insanı orada gördüm. Özümə bir daha nifrət etdim ki, məni Allah-taala belə məclislərdən uzaqlaşdırsın. Mən hər yerə gedərəm ki, orada sülh, əmin-amanlıq olsun".

Fuad Mədətov
AzNews.az