Sabiq prezidentin qızı həbs olundu

24 Sentyabr 2012 07:44 (UTC+04:00)
İran Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı həbs olunub. APA-nın İRNA-ya istinadən məlumatına görə, Faizə Haşimi dövlətə qarşı aksiyalara qatıldığı üçün hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılaraq Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən bu ilin yanvarında 6 ay azadlıqdan və 5 il müddətinə siyasi, mədəni və jurnalistika sahəsində fəaliyyət göstərməkdən məhrum olunub.

1996-2000-ci illərdə Tehran şəhərini İran parlamentində təmsil etmiş 50 yaşlı Faizə Haşimi barəsində çıxarılmış həbs cəzasını çəkmək üçün sentyabrın 22-də axşam saatlarındaTehranın Evin zindanına salınıb.

Qeyd edək ki, F. Haşimi İranda insan haqlarının pozulmasını və hökumətin iqtisadi siyasətini dəfələrlə tənqid edib. O, 1989-1997 illərdə İran prezidenti vəzifəsini icra edən Ə. Rəfsəncani dövründə, xüsusilə də Mahmud Əhmədinejadın hakimiyyətə gəlməsindən sonra sərt müxalifətçiliyi ilə diqqət çəkib.

Hətta F. Haşimi 2009-cu ildə İranda M. Əhmədinejadın qələbəsi ilə nəticələnmiş mübahisəli prezident seçkisinə etiraz etdiyinə, bununla bağlı keçirilmiş aksiyalara qatıldığına və ölkə müxalifətinin lideri Mirhüseyn Musəvini dəstəklədiyinə görə mühafizəkarlar tərəfindən ciddi tənqidə məruz qalaraq həbs də olunub.

Bundan əlavə, 2009-cu ildəki seçkidən sonra kütləvi iğtişaşların nəticələnməsi ilə keçirilən aksiyaların təşkilində günahlandırıldığı üçün Böyük Britaniyaya qaçmış sabiq prezidentin oğlu Mehdi Haşiminin sentyabrın 22-də ölkəyə dönəcəyi ilə bağlı xəbər yayılmışdı.

Məhkəmə M. Haşimi barəsində də həbs qərarı çıxarıb. Ona görə də bir daha ölkəyə geri dönməyən M. Haşiminin İrana qayıdacağı etirazlara səbəb olub. Xəbərin yayılması ilə bir qrup mühafizəkar Tehrandakı hava limanında toplanaraq aksiya keçirib.

AzNews.az