ABŞ İran rəsmilərinə viza vermədi

24 Sentyabr 2012 08:27 (UTC+04:00)


ABŞ 20-ə yaxın İran rəsmisinə BMT Baş Assambleyasının illik iclasına iştirak etmək üçün viza verməkdən imtina edib. AzNews.az-ın Fars xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, viza verilməyən rəsmilər arasında 2 iranlı nazir də var.

Verilən məlumata görə, prezident Əhmədinejatın da daxil olduğu 160 nəfərlik İran nümayəndə heyəti viza üçün 2 ay əvvəl müraciət edib. İran agentliyi hansı nazirlərə viza verilmədiyini açıqlamayıb, sadəcə bildirib ki, Əhmədinejatı Xarici İşlər naziri Əli Əkbər Salehi, Prezident Aparatının rəhbəri İsfəndiyar Rəhim Maşayi müşayiət edəcək.

ABŞ tərəfi isə məsələ ilə bağlı açıqlama verərkən bildirib ki, viza verilərkən Amerika qanunvericiliyinə əməl olunub və burada ayrı-seçkilikdən söz gedə bilməz.

Qeyd edək ki, həmişə olduğu kimi İran prezidentinin Assambleyanın iclasında Qərbin ünvanına sərt ittihamlar səsləndirəcəyi gözlənilir.

Sadiq Musa
AzNews.az