“Yaxşı aktyor küçədən tapılmır” – Rövşən İsax

22 Noyabr 2014 09:56 (UTC+04:00)


"Azərbaycanda rejissorlar özlərinə əziyyət verib aktyor axtarışı ilə məşğul olmurlar. Bu dəqiqə nümayiş olunan seriallara baxsaq, ortalama 25 nəfər aktyor var ki, bir serialdan çıxıb digərinə keçir".

Bunu AzNews.az-a açıqlamasında "Pərvanələrin rəqsi" teleserialının rejissoru Rövşən İsax deyib.

O bildirib ki, növbəti layihəsində Azərbaycan tamaşaçısı bu günə kimi görmədiyi aktyorlarla tanış olacaq.

Rövşən İsax müsahibəsində serial mövsümünə verilən fasilədən, aktyor seçimindən və sponsor axtarışından danışıb.

"3 mövsüm bir-birinin ardınca efirdə olduq, bərk yorulduq".

-Bu günlərdə deputat Leyla Abdullayeva Milli Məclisin plenar iclasında Azərbaycanda nümayiş olunan seriallarda narkotik maddələrin təbliğ olunması məsələsini qaldırıb. Doğrudanmı, bu gün təqdim olunan seriallarda narkotik maddələrin reklamı gedir?

-Mən bunu xeyli əvvəl demişəm. Bu, qaş düzəldən yerdə vurub göz çıxartmağa bənzəyir. Guya kimsə bir şəxsin pis yolda olduğunu çəkib göstərir. Bu, qətiyyən düzgün deyil. Ümumiyyətlə, bu mövzunu serialda təbliğ etməklə dəlinin yadına daş salırlar. Mən istəyirəm ki, bu problem müzakirə olunmasın, ümumiyyətlə, yaddan çıxsın.

- Hazırda serial çəkirsinizmi?

- Biz 3 mövsüm bir-birinin ardınca efirdə olduq, bərk yorulduq. Ona görə də qərara aldıq ki, bir il fasilə verək. İstədik ki, gələn ilə ciddi hazırlaşaq. İnşallah, gələn il efirdə olacağıq. İnanırıq ki, Azərbaycan tamaşaçılarını maraqlı bir layihə ilə sevindirəcəyik. Bu dəqiqə ciddi şəkildə ona hazırlaşırıq. 2015-ci ilin oktyabrında həmin serialla efirdə olacağıq.

-Bu mövsüm seriallara niyə pul ayrılmayıb?

-Bizim maliyyə ilə bağlı heç bir sıxıntımız yoxdur. Özümüz qərar verdik ki, bir il dincələk. Birinci il 40, ikinci il 42, 3-cü il isə 41 serial çəkdik. Səhhətimdə problemlər yarandı. 3 ilin təcrübəsi var, öz əyər-əskiklərimizi də bilirik. Tamaşaçı qarşısına daha səviyyəli çıxmaq istədik.

"Qonşu Türkiyənin seriallarına baxın"

-Serial bazarını genişləndirmək üçün dövlətdən maliyyə yardımı ummaq lazımdır, yoxsa sponsor axtarmaq?

-Sponsorların verdiyi məbləğin qarşılığında səviyyəli seriallar çəkilməlidir. Təbii ki, yaxşı serialların çəkilməsi üçün dövlətin dəstəyi də lazımdır. Amma bu o demək deyil ki, oturub dövlətdən pul gözləyək. Sponsor da axtarmaq lazımdır. Prezidentin ayırdığı pul rejissora, prodakşına verilirsə, yaxşı olar ki, yanına əlavə sponsor da qoşulsun və daha keyfiyyətli bir serial ərsəyə gəlsin. Qonşu Türkiyənin seriallarına baxın. İstərdik ki, onlar səviyyəsində serial çəkək.

"Hər kəs yaxşı serial çəkməyə cəhd etməlidir"

- Rejissorların bəziləri deyir ki, əziyyət çəksək də müsbət nəticə yoxdur?

-Bu, rejissorların öz fikridir. Mən özümə cavabdehəm, başqasının adından necə danışa bilərəm? Məsələn, istəyirəm ki, elə bir serialla tamaşaçı qarşısına çıxaq ki, baxan "əhsən" desin. Bizim türklərdən, ruslardan nəyimiz əskikdir? Yaxşı serialı biz də çəkə bilərik.

-Azərbaycanda serial çəkmək üçün əlavə pul hansı yolla gələ bilər?

-Ancaq reklam və maraq yolu ilə. Hər kəs yaxşı serial çəkməyə cəhd etməlidir. Çalışmalıdır ki, onun reytinqi yüksək olsun. Daha çox tamaşaçı kütləsi baxsın. Bu və ya digər şirkət də həmin seriala sponsorluq etməklə reklamın daha çox tamaşaçı tərəfindən izlənəcəyinə əmin olub bu işə qol qoysun.

"Otaqda oturmaqla rejissor yeni sifət əldə edə bilməz"

-Bəzi seriallara aktyorları küçədən tutub gətirirlər. Bu, nədən qaynaqlanır? Niyə istedadlı aktyorlar kənarda qalır?

-Serial çəkəndə ancaq istedadlı aktyorla işləyirəm. Aktyor seçimi ilə bağlı tamam başqa bir mövzuya toxunmaq istəyirəm. Bizdə rejissorlar özlərinə əziyyət verib aktyor axtarışı ilə məşğul olmurlar. Bu dəqiqə nümayiş olunan seriallara baxsaq, ortalama 25 nəfər aktyor var ki, bir serialdan çıxıb digərinə keçir. Bu siyahıya mən özümü də aid edirəm. Bu isə normal deyil. Mənim növbəti layihəmdə Azərbaycan tamaşaçısı bu günə kimi görmədiyi aktyorlarla tanış olacaq. Bu günə kimi tamaşaçı görmədiyi sifətlərlə qarşılaşacaq. Onların hər biri peşəkar aktyorlardır. Çünki Azərbaycanda kifayət qədər yaxşı aktyor bazası var. Onların potensialı böyükdür. Sadəcə olaraq, aktyoru düzgün istiqamətləndirmək lazımdır. Düzdür, bu sözdən xoşum gəlmir. Aktyora düzgün təyinat verilməlidir. Bir də aktyoru axtarmaq lazımdır. Otaqda oturmaqla rejissor yeni sifət əldə edə bilməz. Yeni sifət, daha fərqli adam lazımdır. Tamaşaçı eyni sifətə baxanda yorulur. Bizim seriallarda təəssüflər olsun ki, qatıb-qarışdırırlar. Bir dəstə aktyor var, hansı rejissor film çəkirsə, onları yığır başına. Özü də dəfələrlə deyirlər ki, "Filan aktyor Rövşənin serialında yaxşı oynayıb, onu dəvət edək, gələcək". Şəxsən mənim ikinci serialımın çəkilişində baş qəhrəmanımı bizdən paralel nümayiş olunan seriala dəvət etdilər. Bu nə dərəcədə düzgündür? Özü də həmin aktyora deyiblər ki, "Gəlin, məhz o rolu sizin üçün yazmışam". Halbuki mənə kimi o aktyoru çəkən yox idi. Bu mənim işimə badalaq gəlmək, kölgə salmaq kimi bir şeydir. 5 manat artıq pul verirlər ki. həmin aktyoru serialdan çıxarsınlar. Bu, düzgün deyil, insanda sənət əxlaqı olmalıdır. Ümumiyyətlə, serialda kastinq işinə baxanlar düşüb aktyor axtarmalıdır. Sosial şəbəkələrdə elan verməklə iş bitmir. Kimsənin yadına düşmür ki, gedib Mingəçevir teatrına baxsın, bəlkə orada iki yaxşı aktyor tapacaq.

-Axı Mingəçevir teatrına getmək üçün pul xərcləmək lazımdır?

-Böyük serial çəkilişində o pul çox kiçik rəqəmdir. Əslində bunun bir adı var: tənbəllik. Serialda yaxşı aktyorun küçədən tapılmasına inanmıram. Bu filmdə mümkündür, balaca bir epizod üçün olar. Serialda isə hadisələrin necə cərəyan etməsini qabaqcadan demək qeyri-mümkündür? Burda peşəkar insanlar çəkilməlidir.


Bahar RÜSTƏMLİ
AzNews.az