“Şekspir” Gürcüstana gedir

24 Sentyabr 2012 17:40 (UTC+04:00)
Akademik Milli Dram Teatrı Gürcüstana gedir. Teatrın bu səfərdə məqsədi IV Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak etməkdir. 25-29 sentyabr tarixlərində keçirilən festivalda İsveç, Böyük Britaniya, Polşa, Belarus, Almaniya, Çin, Fransa, Rusiya, Litva, İsrail, Meksika, Moldova ilə yanaşı Azərbaycan teatrı da qatılacaq.
Qeyd edək ki, festival çərçivəsində tamaşalar Ş.Rustavelli adına Dövlət Dram Teatrının, K.Marcanişvili adına Dövlət Dram Teatrının, V.Abaşidze adına Musiqi və Dram Teatrının, A.Qriboyedov adına Tbilisi Dövlət Rus Dram Teatrının, Azad Teatrın və digər teatrların binasında nümayiş olunacaq.

Akademik Milli Dram Teatrı festivalda Xalq yazıçısı Elçinin "Şekspir" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək. Moldovalı rejissor Petru Vutkereunun quruluş verdiyi "Şekspir" tamaşası K.Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatrının səhnəsində, yerli vaxtla saat 20:00-da nümayiş olunacaq.

Tamaşanın tərtibat rəhbəri Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada əməkdar artistlər Pərviz Bağırov (Stalin), Ayşad Məmmədov (Baş Həkim), Mətanət Atakişiyeva (Sara Bernar), Elşən Cəbrayılov (Veneralı), aktyorlar Nigar Güləhmədova (Həkim), Aslan Şirinov (Sanitar), Şəlalə Şahvələdqızı (Ər-arvad) və Anar Heybətov (Drob 13) çıxış edirlər.

Bahar
AzNews.az