Bakıda 20 iranlı siyası mühacir məhkəməyə üz tutdu

25 Sentyabr 2012 08:20 (UTC+04:00)


Azərbaycanda siyasi mühacir həyatı yaşayan 20-yə yaxın İran vətəndaşı olan azərbaycanlı məhkəməyə müraciət edib. Müraciətdə səbəb uzun illər Azərbaycanda qaçqın statusu ilə yaşamalarına baxmayaraq, ölkə daxilində yaşamaq və üçüncü ölkələrə səfər edə bilmək üçün tələb edilən sənədlərin verilməməsidir.

Azərbaycanın qaçqın statusu verdiyi bu şəxslər dəfələrlə Dövlət Miqrasiya İdarəsinə məsələ ilə bağlı müraciət etsələr də bu vaxta qədər Azərbaycanda qaçqın statusunda yaşayan şəxslərin şəxsiyyətini təsdiqləyən sənədin nümunəsinin hazır olmadığı bildirilib.

Miqrantlara Hüquqi Yardım Mərkəzindən AzNews.az-a bildirilib ki, həmin şəxslərə müvəqqəti sənəd verilir və bu sənədin də heç bir hüquqi qüvvəsi olmur: "İrandan Azərbaycana mühacirət edən şəxslərə verilən müvəqqəti sənədlə adı telefon kartı almaq mümkün olnur. Nikah bağlamaq, övladları üçün doğum şəhadətnaməsi almaq, sürücülük vəsiqəsi almaq mümkün deyil.

Bu isə etnik mənşəyinə görə azərbaycanlı olan həmin şəxslərin həyatını olduqca çətinləşdirir. 15 il Azərbaycanda yaşayanlar var ki, hələ də vaxtı 3 aylıq arayışla uzadlan sənədlərdən istifadə edirlər. Halbuki Azərbaycanda yaşayan əfqan mühacir 5 il sonra vətəndaşlıq ala bilir. Etnik mənşəyinə görə azərbaycanlı olanlara isə sadələşdirilmiş qaydada vətəndaşlığın verilməsi məsələsi illərdir ki, həll edilmir".

Məhz bu səbəbdən 20-yə yaxın qaçqın statusunda yaşayaş mühacir fərdi qaydada 1 saylı İnzibati İqtisad Məhkəməsinə müraciət edib.

E.Əlosmanqızı
AzNews.az