6 yaşı olmayan 700-dək uşaq məktəbli oldu

25 Sentyabr 2012 08:30 (UTC+04:00)
Sentyabrın 15-dək 6 yaşı tamam olmayan 700-ə yaxın uşaq orta məktəblərin birinci sinfinə qəbul olunub. Təhsil Nazirliyindən verilən məlumata görə, təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumi təhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər.

İstisna hallarda oktyabrın sonunadək 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər.

Noyabrda 6 yaşı tamam olacaq xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılaraq müvafiq qərar verilib. Qeyd edək ki, ötən il bu rəqəm 500 nəfər olmuşdu.

E.Əlosmanqızı
AzNews.az