Cavanlaşmaq üçün bu dəhşətli yollara baş vururlar- FOTOLAR

1 Dekabr 2014 11:27 (UTC+04:00)

Və dünya alimləri, təbibləri, şükürlər olsun ki, bu sahədə xeyli maraqlı üsullar kəşf edib. Siz müğənnilərin, aktyor-aktrisaların zaman-zaman bu cür üsullara necə baş vurduğunu mediadan oxuyursunuz. Amma indi sıravi insanlar da bu üsullardan yararlanırlar. Söhbət hansılardan gedir.

Ozon terapiya - öz qanımdı, özüm bilərəm...



Başlayaq öz qanını qaşığa qoyanlardan. Elmi dildə isə bu prosedurun adı ozon terapiyasıdır, yəni qanın yudurdulması. Bu, dünyada geniş yayılmış dərmansız müalicə üsuludur. Belə bir müalicə orqanizm üçün zərərli olan kimyəvi preparatların təmizlənməsinə imkan verir, orqanizmdə tarazlığın pozulmamasını nizamlayır, müxtəlif orqanların vəziyyətini yaxşılaşdırır, orqanizmin müdafiə gücünü aktivləşdirir. Və nəticədə insan qocalıqla daha aktiv mübarizəyə girişə bilir. Yəni dediyimiz bu üsul həm müxtəlif xəstəliklərlə mübarizədə istifadə olunur, həm də estetik cərrahiyyədən qaçmaq istəyənlər üçün ideal metoddur.

Qonşu Türkiyə bu üsulla mərhum prezident Turqut Özalın təcrübəsində tanış olmuşdu. Özal qanını "yuduzdurmaq" üçün tez-tez İsveçrəyə gedib-gəlirdi. Onun bu üsuldan istifadə etməsinə orqanizmindəki xəstəliklər səbəb olsa da, hazırda Türkiyədə, eləcə də dünyada ozon terapiyasından əksər məşhur ulduzlar istifadə edir. Amma gəncləşmək üçün. Əsası Almaniyada qoyulan ozon terapiyasının istifadə sahələri olduqca genişdir. Revmatizma, şəkər, xərçəng xəstələri, bəzi göz, dəri, bağırsaq, nevroloji xəstəliklərin müalicəsi zamanı ozon terapiyasının əvəzi yoxdur. Bu zaman da xəstələrə xəstəlik dərəcəsindən asılı olaraq müxtəlif sayda seanslar tətbiq olunur.

Qanın yuyulması deyəndə plazmaferez başa düşülməlidir. Hamilə qadınların qanında bəlli viruslardan qurtulmaq üçün tətbiq olunan bu metod həm də gəncləşmək üçün lazımlıdır. Bu zaman qana daha çox oksigen daxil olur, orqanizm zərərli maddələrdən təmizlənir və... bu da özünü insanın üz cizgilərində, parlaq dərisində göstərir. Həkimlər ancaq cavanlaşmaq istəyən insanların bu üsula ildə bir dəfə müraciət etməsini məsləhət görür. Bir seansın məbləği isə o qədər də kiçik deyil. 400-500 manat. Türkiyədəki məşhurlar arasında müğənni Gülbən Ərgən, həyat yoldaşı Mustafa Ərdoğan, komediya ustası Yılmaz Ərdoğan, dünyada isə Hillari Klinton, Bred Pitt, Ancelina Coli, Demi Mur... kimi məşhurlar bu üsulla gəncləşməyə çalışırlar.

Cavanlaşmaq üçün vampir olanlar

Amma insanın öz qanı ilə cavanlaşması metodu təkcə ozon terapiya deyil. Dünyada "vampir trendi" adlandırılan PRP üsulu da gənclik iksirlərindən sayılır. Bu halda da gəncləşmək istəyən insanın qol və ya əlindən bir az qan alınır, laboratoriya şəraitində yad, zərərli maddələrdən təmizlənir, daha sonra isə üz dərisinin altına yeridilərək, gəncləşməyə səbəb olur. "Platelet Rich Plazma" adı ilə tanınan PRP üsulu qırış, sızanaq izləri, günəş ləkələri və saç tökülməsində də üz güldürən nəticələrə gətirib çıxarır.



Həkimlər izah edir ki, əslində bu üsulda önəmli olan cildin "başını aldatmaqdır". Yəni üz dərisinə təmiz qan yeridildikdən sonra hüceyrələr bunu xəbərdarlıq kimi qəbul edib, hərəkətə keçir. Bu durum bir qədər yaranın sağalmasını xatırladır. Dəridəki tixanmış bölgələr təmizləndiyi üçün üz cildi əvvəlkindən daha yaxşı vəziyyətə gəlir.
Həkimlər bu vampir üsulundan hər mövsüm istifadəni mümkün sayır. Üstəgəl, bu üsul zamanı hər kəs öz qanından istifadə etdiyi üçün allergiya da yaratmır. Ehtiyaca uyğun olaraq bir seans 3-4 həftə fasilələrlə və cəmi 3-4 dəfə həyata keçirilə bilər. PRP müalicəsi adamın yaşından, üz dərisinin keyfiyyətindən, siqaret çəkib-çəkməməsindən asılı olaraq nəticə verir.

Ət ürpədən üsul - ölən körpə...



Daha bir ilginc və tükürpədici cavanlaşma metodu barədə isə türkiyəli müğənni Bülənt Ərsoyun təcrübəsində rast gəlmək mümkündür. Ərsoy abort olunmuş körpədən alınan genlərin kök hüceyrələrindən hazırlanan dərmanı üzünə sürtməklə gənc qalır. Çox məsrəfli və çətin olan bu prosedur zamanı dərman xəstənin üz və boyun hissəsinə sürtülür. Həkimlər deyir ki, sözügedən üsul "itirilmişləri yerinə qoyma prosedurudur".



"Kosmonavt üsulu" da 21-ci əsr gəncləşmə üsullarının ən geniş yayılanıdır. Bu üsul zamanı öncə üzə tərkibində yüksək miqdarda oksigen olan bir krem sürtülür. Ardınca üzdəki tıxanmış bölgələrin təmizlənməsi üçün buxarla təmizlik mərhələsi həyata keçirilir. Son olaraq isə insanın başına özəl bir papaq yerləşdirilir. Kosmonavt papağını xatırladan bu başlığın içərisində gəncləşmək istəyənin üzünə müəyyən miqdarda oksigen püskürdülür. Nəticədə cild çox sağlam və yumşaq görüntüyə sahib olur.


Amma üz cildi çox yoğundursa və yuxarıda yazdığımız cəhdlərə müsbət reaksiya vermirsə, həkimlər plastik əməliyyata yaxın olan bəzi prosedurları məsləhət görür. Bunlar isə botoks, plazmagel, lazerlə cild yeniləmə, pilinq adlanır.

Başlayaq botoksdan. Botoks xüsusən alın və göz çevrəsindəki qırışlardan qurtulmaq üçün son zamanlar istifadə olunan ən ideal dərmandır. Prosedur cəmi 2 dəqiqə ərzində həyata keçirilir və bitəndən sonra insan normal həyatına qayıdır. Botoks ancaq professional həkimlər tərəfindən həyata keçirilməlidir.



Prosedurun mahiyyəti isə mimika və qırışıqlıqlara səbəb olan əzələlərin hərəkətini minimuma endirmək, dəri üzərindəki qırış bölgələrin düzəlməsini təmin etməkdir. Amma botoksun təsir müddəti cəmi 6 aydır. Həmin müddətdən sonra dərman öz təsir gücünü itirir və dəri əvvəlki vəziyyətinə qayıdır.

Plazmagel də əməliyyatsız, yarım saat ərzində tətbiq olunan təsirli bir üsuldur. İnsanın öz qanından alınan, daha sonra özəl minerallar əlavə edilərək üzün istənilən bölgəsinə sürtməklə müsbət nəticə əldə edilir. Prosedur sonrası cild çox daha gənc və təravətli görünür. Allergiya vermədiyi üçün ortaya çox daha təbii bir mənzərə çıxır.

Hazır dolğu maddələri də az vaxtı, amma gəncləşmək istəyi olan insanlar üçündür. Bu maddələr xüsusən üzdəki çöküklük və qırışlar, dodağın incəliyi zamanı tətbiq olunur.

Dolğu maddələrinin tətbiqi zamanı üzə sürtülən anestezik bir krem sayəsində, incə bir iynə ilə beş dəqiqə ərzində uğurlu nəticə əldə edilir.

Keçək lazerlə cild gəncləşməsinə. Bu da digər üsullardan ağrısız olmasına və dəridə hansısa qızartı qoymamasına görə fərqlənir.

Müalicə sonrası toparlanmağa ehtiyac olmayan, bir neçə dəqiqə ərzində tətbiq olunan bu metod da cilddəki hüceyrələri yeniləyərək, daha düzgün, daha sıx və daha gənc bir dəri görüntüsü yaradır.

Ən ağrılı və əzablı cavanlaşma metodu isə pilinqdir. Bu zaman üst dərinin soyulması ilə dərinin yenilənməsi və gəncləşməsi baş verir. Bu üsul ilə üzdəki qırışıqlıqlar cildin tez yaşlanması, dəri quruluğu, dəri yorğunluğu aradan qalxır. Eləcə də pilinq sayəsində cild ləkələri, çatlaqlar, baldır və qarın bölgəsindəki elastiklik itkisi kimi dəri problemləri ortadan qalxır. Prosedur nəticəsində insan ən azı 10 yaş cavanlaşmış kimi görünür.



28 gündə 9 yaş cavanlaşanlar

Qocalmamağın əsas səbəblərindən biri də beyni və bədəni daim fəaliyyətdə saxlamaqdır. Alimlərin hesablamalarına görə, 80 yaşına çatmış insanda belə sinir hüceyrələrinin 90 faizi istifadə olunmamış haldadır. Belə çıxır ki, beyin ən tənbəl orqandır. Bütün xəstəliklər isə əqli və fiziki durğunluqdan baş verir. Zəif, tənbəl insanlar çətinliklər qarşısında aciz qalır, güclülər isə mübarizə edirlər. Bir qayda olaraq, ölüm orqanizmdə yaranan intoksikasiyadan - zəhərlənmədən baş verir. Ona görə də uzunömürlü olmaq üçün orqanizmi zəhərləməməli, həddindən artıq yeməməli, yatmağa 3 saat qalmış qida qəbul etməməli, fiziki işlə məşğul olmalı, onu zehni əməklə növbələşdirməlidir.

Təsadüfi deyil ki, kişilər zəif cins adlandırdıqları qadınlardan daha az yaşayırlar. Çünki onlar daha çox ət, şəkər, yağlar qəbul edirlər. Gecə yatmazdan əvvəl yeməyi sevir, zərərli vərdişlərə daha çox aludə olur, müasir dövrdə isə demək olar ki, heç piyada gəzmirlər. Deməli, ömrün uzun müddətli olub-olmaması ən əsası insanın özündən asılıdır.

İngilis qidalanma eksperti Karen Fiser 28 gündə doqquz yaş cavanlaşmaq və beş kilo vermənin sirrini sadə bir pəhrizlə açıqladı. Fiserə görə, antioksidan mənbəsi meyvə və tərəvəzləri az odda qaynatmaq, əti qaynadaraq yemək, bol su içmək və şəkər, spirt ilə süd məhsullarından uzaq dayanmaq dərini 9 yaş gəncləşdirir.(musavat.com)