Bakıda Gənclərin Sağlamlıq Forumu başladı - Fotolar

1 Dekabr 2014 16:22 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyəti, "Sağlam Ailə" Klinikası, Nərimanov rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən Forumun əsas məqsədi gənclərin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği vasitəsilə ictimai səhiyyə siyasətinin inkişafını dəstəkləmək, yeni təşəbbüslərin formalaşdırılması və gələcək əməkdaşlıqların qurulmasına şərait yaratmaqdır.

Forum Azərbaycan Respublikasının himni ilə açıq elan edilib. Giriş sözü ilə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Forumun əhəmiyyəti, ölkəmizdə həyata keçirilən gənclər və ictimai səhiyyə siyasəti barədə məlumat verib. Bildirib ki, gənclərin sağlamlığının qorunması müasir dövrün aktual məsələsi olduğu üçün bu işə xüsusi diqqət yetirilməli, müvafiq qurumlar gənclərlə sözügedən istiqamətdə birgə əməkdaşlıq etməlidirlər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəhbəri Nəcəf Novruzov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, BMT-nin strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, "Sağlam Ailə" Klinikasının baş direktoru Vüqar Eyvazov və digərləri çıxış edərək, ölkə başçısı cənab İlham Əliyevin apardığı sosial yönümlü siyasətin ən bariz nümunələrindən biri məhz ictimai səhiyyənin inkişafını vurğulamış, onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə bu sahədə çox əhəmiyyətli qanunvericilik aktları, dövlət proqramları və digər mühüm sənədlərin qəbul edildiyini, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirildiyini qeyd ediblər. Onlar bildiriblər ki, bu gün ölkəmizdə gənclərin sağlamlığının qorunması istiqamətində işlər davam etdirilir, maarifləndirici və profilaktik tədbirlərə xüsusi önəm verilir.

Qeyd edək ki, "1 dekabr - Ümumdünya AİDS-lə Mübarizə Günü"nə həsr olunmuş Forumda dövlət rəsmiləri, QHT və tələbə gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, respublikanın ayrı-ayrı yerlərindən olan gənclər iştirak ediblər.

Forum, rəsmi açılış mərasimi bitdikdən sonra, panellərdə davam etdirilib.

Aydan
AzNews.az