17 yaşlı gənc bıçaqlandı

2 Dekabr 2014 08:09 (UTC+04:00)


APA-nın məlumatına görə, Bakı şəhər sakini 17 yaşlı Cəlil Mahmudov Nərimanov parkı ərazisində bıçaqlanıb.

İşin istintaqını aparan müstəntiq Elnur Məmmədyarovun verdiyi məlumata görə, dörd nəfər naməlum şəxs Cəlilin onlara birtəhər baxmasını bəhanə edərək onu söhbətə çağırıblar. Parkdan bir qədər aralı Əhməd Rəcəbli, 4 ünvanına çatanda onlardan biri cibindən bıçaq çıxararaq qəfildən Cəlil Mahmudova zərbələr endirməyə başlayıb. Yaralı yerə yıxılanda naməlum şəxslər hadisə yerindən qaçıblar. C.Mahmudov ətrafdakı insanlar tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla əlaqədar cinayət məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov rayonu Polis İdarəsi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfərin axtarışlarını davam etdirir.