Rəfsəncani övladlarının tutulmasına reaksiya verdi

25 Sentyabr 2012 14:50 (UTC+04:00)
İranın keçmiş prezidenti, Məsləhət Şurasının rəhbəri Haşimi Rəfsəncani qızı Faizə və oğlu Mehdi Haşiminin tutulmasına reaksiya verib.

"Media forum" saytının məlumatına görə, Haşimi Rəfsəncaninin reaksiyasını oğlu Möhsün Haşimi jurnalistlərə açıqlamasında çatdırıb: "Atam deyir ki, onun övladları ilə xalqın övladları arasında heç bir fərq yoxdur və elə buna görə də bu məsələdə ayrı-seçkiliyə yol verilməməlidir. Atam Faizə və Mehdinin tutulmasından narahat və nigaran deyil. O bu kimi böhranlara öyrəşmiş adamdır".

3 il mühacirətdə yaşayan Mehdi Haşimi sentyabrın 24-nə keçən gecə ölkəyə qayıdıb və elə Tehranın hava limanındaca prokurorluğa rəsmi dəvət alıb. Mehdi Haşimi sentyabrın 24-də Tehran prokurorluğunda dindirildikdən sonra həbs edilib.

Sentyabrın 22-də isə Rəfsəncaninin qızı Faizə Haşimi tutulub. O, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda və "yaşıl hərəkat"ı dəstəkləməkdə günahlandırılıb.

AzNews.az