Xanəndəmiz İspaniyada “Merce-2012 – Merce Musica”da şok anlar yaşadıb – FOTOSESSİYA

26 Sentyabr 2012 09:37 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, xanəndə Qoçaq Əsgərov Barselonada konsert proqramıyla çıxış edib. Layihənin təşkilatçılarından olan, YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırova AzNews.az-a bildirib ki, konsert Kataloniya əyalətində baş tutub. Açıq havada təşkil edilən azərbaycanlı musiqiçilərin çıxışı "Merce-2012 – Merce Musica" beynəlxalq musiqi festivalı çərçivəsində baş tutub.

Minlərlə tamaşaçının izlədiyi konserti milli musiqimizin təbliğini təşkil edib. Həmin gün Tarzən Mircavad Cəfərovun udda müşayiəti ilə qədim İspan xalq mahnısı səsləndirilib və Qoçaq Əsgərov bu musiqini muğam oxumaqla improvizə edib. Dinləyicilər uğurlu eksperimenti ayaq üstə alqışlayıblar. İki saata yaxın davam edən proqram başa çatsa da, publika həmyerlilərimizi alqışları ilə səhnəyə qaytarıb, daha bir neçə dəqiqə dinləyiblər. Onların bu uğurunu yerli televiziya və mətbuat işıqlandırıb.

Musiqiçilərimizi növbəti yaradıcılıq səfəri gözlədiyindən Barselona səfəri çox çəkməyib. Heyət bəzi təklifləri növbəti səfərə keçiriblər.

Xatırladaq ki, konsert Barselonadakı səfirliyimizin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə baş tutub.

Fuad Mədətov
AzNews.az