Estrada müğənnilərinin “təlxək” adlandırması böyük qalmaqal yaratdı

26 Sentyabr 2012 11:41 (UTC+04:00)
Azərbaycan muğam ifaçılarından olan Qoçaq Əsgərov müsahibələrinin birində estrada müğənnilərinin bəzilərini təlxək adlandırıb: "Əllərinə qaval alıb oxuyan estrada müğənniləri Azərbaycan muğamının inkişafını istəməyən insanlardır. Onlar lağ üçün oxuyurlar. Əmin olun ki, onlar Azərbaycan musiqisinin düşmənləridir. Heç də müsbət qiymətləndirmirəm. Estrada müğənnisinin muğam oxuması təlxəklikdir".

Estrada müğənnilərinin arasında Azərbaycan muğam sənətinə müraciət edənlər kimlərdir? AzNews.az bununla bağlı araşdırma apardı. Xalq artisti Aygün Kazımova, Nadir Qafarzadə, Sevda Yəhyayeva, Xatirə İslam, Elton Hüseynəliyev, Rəqsanə, Röya və s. Adı çəkilən müğənnilər necə, Qoçaq Əsgərovun bu ittihamını qəbul edirmi?

Xalq artisti Aygün Kazımovanın sözçüsü isə "təlxək" sözünün Aygünə deyil, Xatirə İslama, Sevda Yəhyayevaya aid olduğunu bildirdi: "O, bunu Aygünə deyə bilməz. Aygün muğama 2 il bundan əvvəl müraciət edib. Estrada müğənniləri arasında muğam oxuyanlar bunlardır: Xatirə İslam, Sevda Yəhyayeva…Röya da konsertində bir dəfə əlinə qaval alıb. İndi deyək ki, Röya muğam oxuyub? Sevda Yəhyayevaya deyin ki, sənə təlxək deyiblər. Aygün Xalq artistidir. İndi görün ona Elza Seyidcahan nə cavab verəcək?"

Xatirə İslamın prodüseri Azər Kərimov isə əsl sənətkar bütün janrlarda oxumağı bacarmalıdır dedi: "Bu onun fikridir. Özü də yanlış fikirdir. Bu sadəcə, bacarıqdır. Mən estrada oxuyuramsa, muğamı niyə oxumayım? Nəyi pisdir? Muğam oxuyanlardan da biri çıxıb estrada oxusun. Çox çətindir. Müğənni, əsl sənətkar bütün janrlarda oxumağı bacarmalıdır.

Əgər o, başqa-başqa janrlarda oxumağı bacarmırsa, deməli, yarımçıq sənətkardır. Hamı deyir ki, Azərbaycan musiqisini dünyaya tanıdaq. Azərbaycan musiqisi tək muğamdan ibarətdir? Görün onun nə qədər rolu var. İngilis nə bilir muğam nədir? O, cazı başa düşür. Əksinə, biz muğam oxuyan estrada müğənnilərini alqışlamalıyıq. Onu deyən ifaçı bunların adı altında reklam olunmaq istəyir. Mən belə adda muğam ifaçısı tanımıram".

Aynur
AzNews.az