“Oğrular”ın müharibəsi Azərbaycanda dəhşətli faktlar üzə çıxardı – VİDEO
12 Dekabr 2014 10:11 (UTC+04:00)
Məlumdur ki, işgəncə faktı "Matroskaya tişina" istintaq təcridxanasında törədilib.

AzNews.az xəbər verir ki, məsələnin Azərbaycan həbsxanaları ilə bağlılığı isə işgəncənin Bakıdakı həbsxanaların birində cəza çəkən "Lotu Quli" ləqəbli Nadir Səlifovun göstərişi ilə həyata keçirilməsidir. Zaur Əliyevə işgəncə veriləndən sonra onun üzr istəməsi və aşağılanması barədə yayılan video və audiolardan bəlli olur ki, prosesə "Lotu Quli" telefon və "skayp"la nəzarət edib, "Zayka"ya onun göstərişi ilə və arzuladığı formada işgəncə verilib. Sonda isə "Zayka"nın ondan üzr istəməsini eşidib və bundan sonra o əlaqəni kəsib, proses sona çatıb. Məqsədimiz heç də "oğru dünyası"nın amansızlığını göstərmək deyil, məsələ Nadir Səlifovun həbsxanada telefonla danışmaq və internet imkanlarını necə əldə etməsindədir. Əlbəttə bu, məsələ çoxlarına adı bir hal kimi gələ bilər. Çünki Penitenisiar Xidmət demək olar ki, hər gün "içəriyə" telefon keçirilməsinin qarşısının alınması barədə məlumatlar yaysa da, dəmir barmaqlıqlar arasında məhbusların mobil rabitədən istifadə etməsini hamı bilir və bu məsələ heç kimi təəccübəndirmir. Lakin nəzərə almaq lazımdır ki, məhbusların "çöllə" bu cür rahat əlaqəsi həddindən artıq təhlükəlidir və elə buna görə də, həbsxanada telefon və başqa rabitə vasitələrinin istifadəsi qəti qadağan edilib...
Bütün dünyanın tanıdığı və xüsusilə təhlükəli hesab edilən "Lotu Quli"nin yuxarıda yayılan videolarda telefondan və internetdən rahat şəkildə istifadə etməsi isə Azərbaycan həbsxanalarında qanunların hansı səviyyədə işləməsi barədə aydın təsəvvür yaradır.
"Rüşvət alıb, "içəri" telefon buraxırlar"

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyir ki, məhkumlara mobil telefon saxlamaq qəti qadağandır. Komitə sədrinin sözlərinə görə, türmə nəzarətçiləri və işçiləri tərəfindən telefonun həbsxana daxilinə keçirilməsinə şərait yaradılır:
"Telefon 3,5 qəpik deyil ki, onu haradasa gizlədəsən. Məhbus yanına gələnlər də, gətirdiyi əşyalar da, hamısı yoxlanılır. Təbii ki, nəzarətçilər tərəfindən rüşvət, pula görə kimlərəsə şərait yaradılır ki, telefonu içəri keçirə bilir. Ancaq maddi maraq əsasında belə bir addım atıla bilər. Çünki mobil telefonun həbsxanaya keçirilməsi qəti-qadağandır".
"Pulunu ver, senə həbsxanada əlavə provayder versinlər"

Vəkil Aslan İsmayılov isə hesab edir ki, bu gün Azərbaycan türmələrində sanki kurorta gələn insanlar var:
"Bunlara belə şəraiti həbsxana rəhbərliyi yaradır. Həbsxanalardakı bu kimi hallardan Ədliyyə Nazirliyinin də xəbəri var. Əlbəttə ki, qarşısını ala bilərlər. Bu birbaşa onların səlahiyyətindədir. Niyə, almırlar? Çünki qarşılığında rüşvət alırlar. Məsələn, rüşvəti az verənə deyirlər həftədə bir dəfə, çox verənə deyirlər gündə bir dəfə danış, lap çox rüşvət verənə isə internet, hətta provayder də verirlər ki, nə zaman istəsən danış. Artıq bunu açıq-açıq deməyin vaxtıdır".
"Həbsxana müdirinin aylıq gəliri on, yüz minlərlə ölçülür"
Həbsxanalarda məhkumların telefon işlətməsinə görə birbaşa Penitensiar Xidmətinin rəhbəri Mədət Quliyevi suçlayan vəkil hesab edir ki, rəhbərlik istəsə, orada quş belə, səkə bilməz:
"Cəzaçəkmə müəssisələrində qaydalar elədir ki, hansısa serjant, mayor o müəssisənin rəhbərinin icazəsi olmadan addım ata bilməz. Bir dəfə belə bir addım atdılar dərhal həbs etdilər. Təbii ki, bunların hamısının haqqı var. Telefonla danışmağın, telefonu yanında saxlamağın, skype-ın, daimi internetin, hamısının haqqı var. İstəsələr bunun qarşısını ala bilərlər. Buna görədir ki, həbsxanalara narkotik maddələr daşınır. Necə olur ki, kiminsə qapısına nəşə qoyanda tapırlar. Halbuki, bu dəqiqə cəzaçəkmə müəssisələrində kilolarla narkotik dövriyyəsi olur. Onu tapa bilmirlər? İstəsələr tapa bilərlər. Həbsxana rəisi 300-500 manata dolanmayacaq ki? Həbsxana müdirinin aylıq gəliri on, yüz minlərlə ölçülür. Orada adi havanı almaq da pulnandır. Nəfəsliyi açıq, yoxsa bağlı saxlamaq, böyük, yoxsa, kiçik kamerada, təmiz yoxsa, çirkli kamerada, isti suyu olan kamerada saxlamaq və s. hamısı pulla başa gəlir. Bu gün Azərbaycan cəzaçəkmə müəssisələrində pulun varsa, 5 ulduzlu otel şəraiti yarada bilərsən. Əlbəttə bu biabırçı haldır".
A.İsmayılov onu da qeyd etdi ki, bu gün texnika o qədər sürətlə inkişaf edib ki, cəzaçəkmə müəssisəsindən hansı nöqtədən, hansı telefon zəngi olur onu təyin edə bilirlər. Deməli, həbsxanada gizli şəkildə internetdən istifadə mümkünsüzdür.
Penitensiar Xidmətin cavabı
Bu kimi faktların olmasına baxmayaraq Ədliyyə Nazirliyinin rəsmiləri yayılan məlumatları əsassız hesab edirlər. Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən isə AzNews.az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, xidmətin tabeliyində olan istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində saxlanılması qadağan edilmiş əşyalar siyahısında olan mobil telefonların müəssisəyə keçirilməsinin qarşının alınması üçün daima mübarizə aparılır. Xidmətdən onu da bildiriblər ki, bununla bağlı aşkar edilən bütün faktlar müəssisələrdən daxil olmuş xüsusi məlumatlar əsasında operativ şəkildə xidmətin internet saytı vasitəsilə ictimaiyyətə çatdırılır:
"Mobil telefonların məhkumların yaxınları tərəfindən gətirilməsi, əməkdaşlar tərəfindən müəssisələrə keçirilməsi və məhkumların üzərində aşkar edilməsi ilə bağlı hər bir fakt xidmətin məlumatlarında öz əksini tapır. Qeyri-rəsmi və naməlum mənbədən əldə etdiyiniz xəbərə gəlincə, həmin məlumat tamamilə əsassızdır"-deyə Penitensiar Xidmətdən bildiriblər. Konkret olaraq, "Lotu Quli"nin telefonla və skaypla danışmasının fakt kimi yayılmasına gəlincə, Xidmətdən konkret bir cavab verilməyib.
Qeyd edək ki, Azərbaycanda həbsdə olan məşhur "qanuni oğru" "Loti Quli" ləqəbli Nadir Səlifovun tərəfdarları rəqib komandadan hesab edilən başqa bir "qanuni oğru"ya - "Zayka"ya inanılmaz işgəncələr veriblər. Buna səbəb isə "Zayka"nın (Zaur Əliyev) azadlıqda olarkən "Lotu Quli" haqqında bir çox yerlərdə təhqiramiz ifadələr işlətməsi olub. Qeyd edək ki, Zaur Əliyev bu il noyabr ayının 8-də Moskvada həbs olunub.
Onun həbsi düşmənlərinin qisas alması üçün fürsət yaradıb. Necə olubsa, "Zayka" Lotu Qulinin adamları ilə eyni həbsxanaya salınıb(?). Bu zaman "Zayka"dan söyüşlərin "hesabı" sorulub. Onlar başçı – "Lotu Quli" ilə telefon bağlantısı yaradaraq "Zayka"ya işgəncə vermək üçün təlimatlar alıblar. Dəhşətli əzablara məruz qoyulan "Zayka" Lotu Qulini söydüyünə görə üzr istəyib. Ona verilən işgəncələrin hamısı lentə alınıb..
Dekabrın 2-də isə cavab reaksiyası izlənilib. Həbsxanaya "nəzarət edən" Nukri Doçya ("Nukri Qalski") digər məhkumlarla birlikdə "Zayka"ya hücum edənlərdən yeddisini vəhşicəsinə döyüb. Zərbələrdən çoxu Nazim Xromoy və Erdak Lənkəranskinin payına düşüb. Onlar da hazırda digər yaralananlarla birlikdə tibb məntəqəsindədirlər.
AzNews.az