İsveçdə yəhudi mərkəzi partladıldı

28 Sentyabr 2012 14:07 (UTC+04:00)


İsveçin Malmoe şəhərində yerləşən yəhudi mərkəzini partlatmaq istəyiblər. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, binanın ön qapısına bir neçə partlayıcı qurğu yerləşdirilib. Partlayıcı qurğuların işə düşməsi nəticəsində güclü partlayış baş versə də, binanın zərər çəkmədiyi bildirilir. Bundan əlavə, ölən və yaralananların olması barədə hər hansı məlumat verilmir.

İsveç polisi hadisə yerində təhqiqat aparsa da, təfərrüatlar barədə kütləvi informasiya vasitələrinə hər hansı məlumat verməkdən imtina edib. Bununla belə, hadisə şahidlərindən məlumat almaq mümkün olub. Şahidlərin sözlərinə görə, partlayışdan öncə bir avtomobil sürətlə hadisə yerindən uzaqlaşıb. Avtomobildə əyləşənlərin 2 yeniyetmə olduğu deyilir.

Qeyd edək ki, adı çəkilən şəhərdə yəhudi mərkəzlərinə analoji hücumlar mütəmadi baş verir. Hesab edilir ki, təxribata səbəb şəhər meri ilə yəhudi mərkəzləri arasında uzun müddətdir ki, davam edən narazılıqdır. Belə ki, yəhudi mərkəzləri şəhər rəhbərliyini anti-semintizmdə ittiham edir.

Sadiq Musa
AzNews.az