Mətbuat Şurasının növbəti iclası keçirildi

28 Sentyabr 2012 16:32 (UTC+04:00)
Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin rəhbərlik etdiyi komissiyanın üzvləri gündəliyə 5 məsələ ilə bağlı müzakirələrin daxil olunması razılığına gəliblər.

Əvvəlcə Qazax şəhər sakini Şabəddin Qurbanovun "Təzə xəbər" qəzeti barədə müraciətinə baxılıb. Komissiya mətbu nəşrdən şikayət doğuran "Qazaxda Şabəddin Qurbanovun gizli əməlləri" (1 sentyabr 2012-ci il) sərlövhəli yazını və müvafiq sənədləri nəzərdən keçirərək rəyə gəlib ki, həmin nümunədə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra prinsip və bəndlərinin tələblərinə sayğısız yanaşılıb. Belə ki, məqalədə balans gözlənilməyib.

Buna və araşdırma aparılmasına cəhd edilməməsi qəzetin obyektivliyini şübhə altına alır. Komissiya bildirib ki, qəzetin baş redaktoru Vəkil Rüstəmin imzası ilə Mətbuat Şurasına daxil olan cavab məktubunda qüsurlu məqalənin təqdimatı məsuliyyəti redaktorun üzərinə atılır. Lakin həmin say birbaşa bunun həqiqətə uyğun olmadığını təsdiqləyir. İclasda "Təzə xəbər" qəzetinə Azərbaycan Mətbuat Şurasının xəbərdarlığının edilməsi, nəşrin adının MŞ-nin "qara siyahı"sına salınması üçün nə kimi əsasların olduğunun müəyyənləşdirilməsinə Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında baxılması məntiqi sayılıb. "Obyektiv fikir" qəzeti ilə bağlı məsələnin də müzakirəsi həmin komissiyada davam etdiriləcək. Belə rəy Türkiyə vətəndaşı Muhsin Sarıhanın bu kütləvi informasiya vasitəsi barədə şikayəti araşdırılarkən çıxarılıb.

MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına daha bir qəzetlə bağlı müraciətlərin də ünvanlanması barədə rəy qəbul edilib. Bu, "Yeni istiqlal"dır. Belə ki, Bakının Yasamal Rayon İcra Hakimiyyətinin və Sabunçu rayonunda yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Ədalət İmanovun bu mətbu nəşr barədə MŞ-yə müraciətlərində onun baş redaktoru Tural Ələkbərovun peşə fəaliyyəti ilə bir araya sığmayan hallara yol verməsi və belə hərəkətlərdə qəzetin adından sui-istifadə etməsi göstərilib.

Quba Rayon İcra Hakimiyyəti başçısının Alpan kənd ərazi nümayəndəsi "Azadlıq" qəzeti ilə əlaqədar müraciətinin müzakirəsinə qatılmadığı üçün məsələ gündəlikdən çıxarılıb. Almaniyanın Bavariya diyarında yaşayan Süleyman Sətullayevin "yükselis.info" və "xeberle.com" xəbər portalları ilə əlaqədar şikayətinə isə komissiyanın növbəti toplantısında baxılacaq.

AzNews.az