Metroda, liftdə və tualetdə doğuş...

27 Dekabr 2014 22:09 (UTC+04:00)

"TheAssociatedPress"in xəbərində deyilir ki, Milad günü hamilə qadın öz oğlunu metroda dünyaya gətirib. Hadisə Filadelfiyada baş verib.

Metro əməkdaşları qadına yardım etməyə tələsiblər. İki nəfər polis də doğuşda iştirak edib. Polislərdən biri yeni doğulmuş körpənin ananın qucağına yerləşdirib.

Polis zabiti deyib: "Mən bayramla bağlı bütün hədiyyə bağlamalarını açmışdım. Heç ağlıma da gəlməzdi ki, səhər erkən tale mənə daha bir hədiyyə verəcək".

Agentlik qeyd edir ki, 2013-cü ilin statistikasına görə, ABŞ-da 3,9 milyon uşaq doğulub. Təbii ki, bu doğuşların bəziləri ağıla gəlməyən yerlərdə baş verib.

Məsələn, Boston şəhərindən olan bir xanım birinci uşağını yolun kənarında dünyaya gətirib. Onun ikinci uşağı isə maşının arxa oturacağında dünyaya göz açıb. Bu işdə xeyli təcrübəsi olan qadın, hamilə olanlara məsləhət vermək üçün kitab da yazıb.

2013-cü ilin mayında isə qadın qatarın ortasında doğmalı olmuşdu. "TheIndependent" qəzeti isə liftə doğulmuş uşaq barədə geniş yazı hazırlamışdı. Hadisə isə belə olub. Hamilə qadın liftə mindikdən sonra texniki nasazlıq yaranır. Bu vaxt sancıları güclənən qadına yardım üçün ambulans gəlir. Yanğından Mühafizə İdarəsinin əməkdaşları isə böyük çətinlikləri dəf edərək 45 dəqiqə sonra liftin qapısını aça biliblər. Qapı açılanda məlum olur ki, ana artıq öz qız övladını dünyaya gətirib.

Ancaq ən maraqlı və ağlasığmaz doğuş haqqında isə "TheTimes of India" qəzeti xəbər verib. 2013-cü ilin oktyabr ayında qatarın tualetində dünyaya gələn uşaq elə tualetin aşağısında olan iri deşikdən yerə düşür. Qatar bələdçisi qatarı saxladıb. Və doğulmuş uşağı qatarın altından çıxarıblar. Maraqlıdır ki, uşaq sağ-salamat qalıb və indi də sağlam uşaq kimi yaşayır.