Saakaşvil 70 minlik tərəfdarını stadiona yığdı

29 Sentyabr 2012 11:49 (UTC+04:00)
Gürcüstan prezidenti parlament seçkiləri öncəsi öz tərəfdarlarını başına toplayıb. AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, 70 min insan Tibilisdəki "Dinamo arena"ya toplaşıb.

O, kütlə qarşısında çıxışında bildirib ki, Gürcüstan tarixində bu qədər insan indiyə qədər bir araya gəlməyib. O həmçinin parlament seçkilərində onun partiyasının qalib gələcəyini deyib. Saakaşvili partiyasının əldə etdiyi uğurlardan da danışıb və qeyd edib ki, bütün əldə edilmiş uğurlara baxmayaraq indi Gürcüstan çətin dövrlərini yaşayır. "Əgər biz titrəsək Rusiya bizi əvvəlki vəziyyətimizə qaytaracaq. Bu isə gələcəyi olmayan bir yoldur". O bununla belə gürcü xalqının satılmayacağını və işğalçılara boyun əyməyəcəyini deyib. "Bizə qarşı provokasiya törədirlər, ərazimizi işğal edirlər, terror aktları törədirlər, xalqı ələ almaq üçün pullar xərcləyirlər, ancaq bizim ruhumuz sınmayacaq və biz bütün bunlardan keçərək yeni Gürcüstan qururuq. Bir ildən sonra biz Avropa Birliyi ilə azad ticarət aparacağıq, vizasız rejimə keçəcəyik, 2014-cü ildə isə NATO-nun üzvü ola bilərik. Artıq bütün bunlar Gürcüstanın reallıqlarıdır".

Rusiyadan maliyyələşdirildiyi iddia edilən İvanişvilinin "Gürcü arzusu" partiyası isə seçkilərlə bağlı iqtidardan da nikbindir. Onlar hesab edirlər ki, Saakvilinin partiyası heç 5 faizlik baryeri belə keçə bilməyəcək. Buna əsas kimi isə sosioloji sorğuları göstərirlər.

Sadiq Musa
AzNews.az