“Xəzər Lənkəran“ “Turan“la bacarmadı

29 Sentyabr 2012 19:27 (UTC+04:00)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində iki oyun keçirilib. "Turan" öz meydanında "Xəzər Lənkəran"ı qəbul edib. Matçın 20-ci dəqiqəsində "Xəzər Lənkəran"ın oyunçusu Ruslan Abışov qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq, hesabı qonaqlar açıblar. Birinci hissənin son dəqiqəsində Sadio Tounkara fərqlənib. Lakin meydan sahibləri məğlubiyyətdən xilas olmağı bacarıblar. Salif Ballo 56 və 59-cu dəqiqələrdə dubla imza atıb - 2:1. Hakim Rəhim Həsənovun idarə etdiyi oyun elə bu hesabla da başa çatıb.

Oyunda "Xəzər Lənkəran"ın daha bir futbolçusu - Elnur Allahverdiyev də meydandan qovulub. Turun digər qarşılaşmasında "Qəbələ" AZAL-la üz-üzə gəlib. Komandalar meydandan sülhlə ayrılıblar - 0:0. FİFA referisi Fariz Yusifovun idarə etdiyi oyun Qəbələ şəhər stadionunda keçirilib. VII turun digər görüşü - "Simurq" - "Qarabağ" oyunu heç-heçə bitdi.

Oyun ərzində klubların qapısında qol olmadı. Zaqatala şəhər stadionunda keçiriləcək matçda fit sahibi gənc hakim Əliyar Ağayev idi. Turun "Rəvan" - "Kəpəz", "Sumqayıt" - "Bakı" qarşılaşmaları sabah baş tutacaq. Bu tur keçirilməli olan "İnter" - "Neftçi" oyunu isə FİFA U-17 qadınlararası dünya çempionatının Bakıda təşkil olunması ilə əlaqədar stadion probleminə görə dekabrın 25-nə təxirə salınıb.

AzNews.az