“Budəfəki Yeni ili hakimiyyətə gülərək qarşılayırıq” - Xodorkovski
1 Yanvar 2015 18:58 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu sözləri bir il öncə Rusiya prezidenti Vladimir Putin tərəfindən əfv edilən YUKOS şirkətinin sabiq rəhbəri Mixail Xodorkovski Yeni il bayramı münasibətilə rusiyalıları təbrik edərkən deyib.
Onun sözlərinə görə, rusiyalılar bu il bayrama pis əhval-ruhiyyə ilə gedib:
"Bu dəfəki Yeni ili hakimiyyətə, özümüzə gülərək qarşılayırıq. Kimisi pulunu ehtiyatda saxlayır, kimisi çoxlu qarabaşaq ("qreçka") alır. Və düşünürük ki, bütün bunlar Yeni ildə bizə lazım olacaq. Biz hadisələrin pis məcraya yönələcəyindən qorxmuruq, çünki buna öyrəncəliyik. Bu isə yaxşı vərdiş deyil. Yeni ildə belə vərdişlərinizdən əl çəkin, gələcəyiniz üçün yeni variantlara əl atın. Gələcək isə keçmişin təkrarı deyil. Gələcək sizin həqiqi gerçəkliyə çatmağınızın seçimidir. Oleq Navalnını həbsxanaya göndərməyimiz düzmü seçim oldu? Bizim seçimimiz açıq, fəaliyyətimiz sərbəst olmalıdır".
Hazırda İsveçrənin Sürix şəhərində ailəsi ilə birgə yaşayan Mixail Xodorkovski Kreml hakimiyyətini avtoritar rejim adlandırıb və əlavə edib ki, rusiyalılar ölkədə hökm sürən bu anarxiyadan azad olmalıdır:
"İstəyirəm ki, bizim ailələrimizə səmimi xeyirxahlıq gəlsin. Vətəndaşlar məsuliyyətlə hərəkət edən hakimiyyətlərini özləri seçsinlər. Rusiya böyük ölkədir. Bu ölkədə çoxlu azad düşüncəli insanlar var".

AzNews.az