Dato Bakıda ilk dəfə solo konsert verdi

1 Oktyabr 2012 08:10 (UTC+04:00)
Gürcüstanlı populyar müğənni və bəstəkar Dato Bakıda ilk dəfə solo konsert verib. Heydər Əliyev Sarayının və FUN-FUN qrupun təşkilatçılığı ilə reallaşan konsertdə müğənnini qızlardan ibarət "Show Fusion Ballet" rəqs qrupu müşayiət edib.
Konsert boyunca tamaşaçılarla ünsiyyətə önəm verən Dato səmimiyyəti ilə zalı ələ almağı bacarıb. Sevənlərinin istəyi ilə musiqilər ifa edən müğənni rus, türk, gürcü, Ukrayna ilə yanaşı Azərbaycan dilində də mahnı oxuyub.

Qədim tarixi olan "Sarı gəlin"i gitaranın müşayiəti ilə səsləndirən Datonun bu çıxışı alqışlarla qarşılanıb. Rəqqasların çıxışını maraqla izləyən tamaşaçılar gecənin davamında onlara qoşularaq oturduqları yerdə rəqs ediblər.

Səhnədə quraşdırılan LED monitorlarda müğənninin konsertləri, klipləri ilə yanaşı musiqilərə uyğun müxtəlif effektləri özündə əks etdirən video görüntülər də nümayiş olunub.
Qeyd edək ki, konsertin sonunda Dato tamaşaçıların istəyi ilə yenidən səhnəyə qayıdaraq? daha bir mahnı oxuyub.

Bahar Rüstəmli
AzNews.az