Pərvizdən yeni roman: Məryəm surəsi

6 Yanvar 2015 16:50 (UTC+04:00)


AzNews.az xəbər verir ki, yazarın yeni romanı "Məryəm surəsi" adlanır.

Müəllif yeni romanı və ümumiyyətlə ədəbiyyatdakı durumla bağlı bunları deyib:

"Bu gün bir neçə "bəxti gətirmiş" şəxsi çıxmaqla yerdə qalan (həm də sözün birbaşa mənasında yerdə qalan) yazarlar çox ağır şərtlər daxilində yazırlar. Mən də həmin ağır şərtlər altında axır ki, "Məryəm surəsi" romanımın üçüncü və sonuncu variantının belini yerə vurdum, amma təəssüf ki, öz belim də yerə dəydi, dincəlmək üçün bel bağladığım bütün ümidlərimi itirdim; mənəvi baxımdan qalib gəldim, fiziki baxımdan yenildim.

Romanın redaktə prosesi bir neçə ay davam edə bilər. Bundan sonra nəşriyyatlarla danışıq prosesinə başlamaq olar".


Pərviz Cəbrayılın bildirdiyinə görə, roman iki hissədən ("Hennom vadisi", "Günəşə sarı Qərbə") və 98 fəsildən ibarətdir. Bundan başqa, roman içində roman elementindən də istifadə edilib.

Yeni romanı ilə bağlı xəbəri oxucuları ilə bölüşən yazar özü də sürpriz xəbər alıb. Tanınmış Güney Azərbaycan yazarı, "Ədəbi azadlıq" hekayə müsabiqəsinin qalibi Ruqəyyə Kəbiri Feysbukda belə yazıb:

"Bu gün Təbrizin "Yaran" nəşriyyatıyla danışırdım. Sizin "Yad dildə" romanınız nəşr edilib, 15 günəcən satışa çıxacağı gözlənilir. Kitabı heç bir təmənna güdmədən tanınmış şair-tərcüməçi Əhəd Fərəhməndi çapa hazırlayıb və nəşriyyat hesabına çap edilib. Bu üzdən, sizə ikinci təbriki deməliyəm".

Xatırladaq ki, "Məryəm surəsi" Pərviz Cəbrayılın üçüncü romanıdır. Yazar bundan başqa "Öləngi" və "Yad dildə" romanlarının müəllifidir.