Türklər serial çəkmək üçün Azərbaycana gəldi - FOTOSESSİYA

1 Oktyabr 2012 12:20 (UTC+04:00)
Türkiyə və Azərbaycan tarixini əks etdirən yeni tarixi serial çəkiləcək. AzNews.az-ın məlumatına görə, bu gün Dövlət Gənc Tamaşaçılar teatrında serialda çəkiləcək Azərbaycan üzrə aktyor və aktrisa kollektivilə yanaşı, serialın ssenari müəllifləri "NEV Yapım" şirkətinin rəhbəri Gülsün Çetinakaya və Zəhra Talıbova iştirak ediblər.

Tədbirin aparıcısı, aktyor Elnur Kərimov əvvəl "Dağ Qartalları" (Osmanlı çoçukları) adlı serial haqqında ətraflı məlumat verib. O, bildirib ki, serial 1865-ci ildən 1938-ci ilə qədərki böyük bir dövrü əhatə edir.

"1877-ci ildə Rusiya İmperiyasının Osmanlı torpaqlarını alması Osmanlı dövlətini bir az daha zəiflətdi. Tarixin həmin çətin dövründə Rusiyanın tabeliyində olan Azərbaycan xalqı da bir çox çətinliklərlə üz-üzə idi. Borçalının Darvaz kəndindən olan azərbaycanlı Mehralı Rus əsgərlərinə qarşı savaş başladaraq, Osmanlı ordusunun qəhrəmanlarından birinə çevrilir. Mehralı tarixi obrazdır və real qəhrəmandır. O, həqiqətən ruslarla mübarizə aparır. Onun haqqında tarixi mənbələrdə rast gəlmək mümkündür. Serialın əsas qəhrəmanı məhz Meharlıdır".

E.Kərimov onu da qeyd edib ki, serialda Azərbaycanın məşhur tarixi qəhrəmanları Qaçaq Nəbi və Həcər, o cümlədən, Sari Gəlin hekayəsi də yer alıb:

"Mehralı bir neçə döyüşdə Qaçaq Nəbi ilə güclərini birləşdirir və qələbələr qazanır. Sarı Gəlin hekayəsi isə nakam bir məhəbbəti əks etdirərək, acı sonluqla bitir və uzun müddət yaddaşlardan silinməyən iz buraxacaq".

Serialdakı azərbaycanlı, çeçen və rus obrazlarını Azərbaycan aktyorlarının canlandırcağını deyən E.Kərimov mənfi obrazlardan da söz açıb:

"Rusiyanın Qarsa Vali təyin etdiyi Viktor Antonoviç Françini (Elnur Kərimov canlandıracaq) yerli xalqa hər cür zülm edərək, onların canlarını boğazlarını yığır. Ssenariyə əsasən Rus İmperiyasının sarayında yaşanan olaylara da geniş yer verilib və Çar II Aleksandr, Çar III Aleksandr və Romanovlar sülaləsinin son hökumdarı Çar II Nikolayın da siyasi həyatı geniş təsvir olunub".

Qeyd edək ki, serialın çəkilişləri əsasən Türkiyədə aparılacaq və təxminən bir aydan sonra çəkilişlərinə başlanacaq.

Fuad Mədətov
AzNews.az