Azərbaycan uşaqlarını valideynləri “öldürür”

1 Oktyabr 2012 12:55 (UTC+04:00)


Bir müddətdir ki, KİV-də azyaşlıların intihar xəbəri ilə tez-tez rastlaşırıq. Azərbaycanda intiharların, xüsusilə uşaq və yeniyetmələrin özünə qəsd etməsi hallarının artması ciddi narahatlığa səbəb olur.

Qeyd edək ki, statistik göstəricilərə əsasən, intiharların sayının artmasıyla yanaşı, yaşı da cavanlaşır. Hazırda dünyada özünəqəsd halları 30 yaşına qədər cavanlar arasında daha çox yayılıb. Ailə Qadın və Uşaq Problemləri Komitəsindən verilən məlumata görə isə, ötən il qadınlar tərəfindən 87, uşaqlar tərəfindən isə 28 intihar hadisəsi qeydə alınıb. Bu ilin 6 ayında isə intihar faktı qadınlar arasında 33, uşaqlar arasında 29-a çatıb.

Uşaq və yeniyetmələri intihara sövq edən nədir?

Müasir Psixologiya Mərkəzinin psixoloqu Aida Namazova bildirir ki, özünəqəsd halları bütün dövrlərdə və bütün yaş hədlərində aktual olub: "Təəssüf ki, son vaxtlar bu mənfi hal uşaq, yeniyetmə və gənclər arasında da artmaqda davam edir. Bunun ilkin səbəbi televiziya kanallarında qorxulu cizgi filmlərin, aqressiya nümayiş etdirən filmlərin, cinayət verilişlərinin yayınlanmasıdır. Bu kimi nümayişlərdə müəyyən davranışlar, aqressiv səhnələrin göstərilməsi insanı intihara daha da vadar edir". Psixoloqun fikrincə, ailələrdə harmonik mühitin pozulması, ailədaxili münaqişələrin çoxalması da buna zəmin yaradan amillərdən biridir: "Eyni zamanda, uşaqların bir-birinə qarşı münasibətləri, özlərini yaşıdlarıyla müqayisə məsələləri, "onda olan məndə yoxdur" kimi şeylər də onlara mənfi təsir göstərir". Müsahibimiz vurğulayır ki, yeniyetmə və gəncləri intihara sövq edən səbəblərdən biri də uğursuz sevgi münasibətləridir.

Uşaqları valideynləri məhv edir

Aida Namazova qeyd edir ki, əsasən, valideynlə övlad münasibətləri onların özünü məhv etməsinə səbəb ola bilir: "İstənilən yeniyetmə və gəncin psixoloji problemləri olur. Əgər valideynlər və ətrafdakı insanlar onun problemi ilə maraqlanmırsa və bu problemi həll etməyə çalışmırsa, təbii ki, o insanda intihar meylləri olacaq". Həmsöhbətimiz bildirir ki, valideynlə övlad arasında qarşılıqlı anlaşma, ünsiyyət, dostluq münasibətləri olmalıdır
.
Valideynlə övlad necə dost olsun?

Psixoloqun sözlərinə görə, ilk növbədə, valideyn övladının psixoloji xüsusiyyətlərini bilməlidir: "Övladının şəxs olaraq necə biri olmasını bilməlidir, onu dərindən tanımalıdır. İkincisi, övladına necə yaxınlaşmağı müəyyən etməlidir. Üçüncüsü isə, onun dostuna çevrilmək üçün lazımi addımlar atmalıdır. Psixoloq məsləhəti ilə dəqiq və hesablanmış addım atmaları daha faydalı olar. Lakin valideyn övladına söhbət etmək üsulu ilə də yaxınlaşa bilər. Ana-ata maraqlanmalıdır ki, onun övladı daha çox nə istəyir, nəylə maraqlanır, nəyə daha çox meyli var, nəçi olmaq istəyir? Bu kimi suallarla onun xarakterini, daxilini müəyyənləşdirə bilərlər. Bu da onlara köməkçi olcaqdır".

Uşaqları mənfi vərdişlərdən necə çəkindirməli?

A. Namazova vurğulayır ki, bu zaman qətiyyən sərt üsullardan istifadə etmək məsləhət deyil: "Övlad mənfi vərdişlərdən onu acılamaqla, dalaşmaqla, təhqirlə uzaqlaşdırılmamalıdır. Buna ancaq dostcasına yaxınlaşma ilə, yaxın, səmimi münasibət qurmaqla nail olmaq olar. Ana-ata övlada çatdırmalıdır ki, mən sənin dostunam, bütün hallarda yanındayam və sənin üçün hər şeyi etməyə hazıram".

Virtual aləm onları uçuruma aparır

Psixoloq söyləyir ki, yeniyetmə və gənclərin vaxtını daha çox sosial şəbəkələrdə keçirməsi onları ətraf mühitdən uzaqlaşdırır və onlarda özünəqapanma yaradır: "Onlar özlərini, əsasən virtual aləmdə tapırlar. Sosial şəbəkələrdə qurulan münasibətlər, bu mühitdə ona təsir göstərən amillər də intihara sövq edən səbəblər sırasındadır".

"Allahdan uzaq düşənlər intihar edir"

Dini ekspert Mail Yaqub isə qeyd edir ki, getdikcə çoxalmaqda olan intiharın Azərbaycanda bir səbəbi bəzi insanların Allahdan uzaq düşməsi ilə bağlıdır: "Digər bir səbəb isə iqtisadi problemlərdir. Avropanın bir çox ölkələrində intihar halları çoxdur və bunun da səbəbi Allahdan uzaq düşməkdir, çünki onlarda, demək olar ki, buna maddi problemlər təsir göstərmir. Ancaq Azərbaycanda intihar hadisələrini sırf dinsiz olmaqla əlaqələndirmək olmaz. Bir çox hallarda mən Allaha inanan, tapınan, zəngin mənəviyyatlı gənclərlə qarşılaşıram ki, onlar da həyatlarından beziblər. Bunun səbəbini soruşanda isə, onun kökündə işsizlik və iqtisadi problemlərin dayandığının şahidi oluram. Yaxud da uşaqlara düzgün əxlaq sisteminin aşılanmaması onların özlərinə qəsd etməsinə səbəb ola bilir. Məsələni yalnız mənəviyyatla bağlamaq da düzgün deyil. Bununla yanaşı, Azərbaycanda hazırda xüsusi mənəviyyat yoxsulluğunun şahidi oluruq".

Uşaqlar intihardan necə uzaqlaşdırılsın?

Dinşünas bildirir ki, bunun üçün Allaha inanan, milli-mənəvi dəyərləri təbliğ edən ziyalı insanların ortaya çıxarılması lazımdır: "Televiziyalarda onlara imkan yaradılmalıdır. O insan sırf dindar ola da bilər, olmaya da bilər. Lakin uşaqlarla, gənclərlə təmasda olmaları vacibdir. Bu, mütləq şəkildə həyata keçirilməlidir".
Mail Yaqubun fikrincə, əgər bu üsul tətbiq olunmazsa, 10 ildən sonra Azərbaycanda intihar halları 10 dəfə daha artacaq".

M. Yaqubun sözlərinə görə, dövlət həm elmli, həm də mənəviyyata sahib olan insanları ortaya, göz özünə gətirməldir: "Mən elə başa düşürəm ki, bizi məhvə aparan yüngüllükdür. Yüngüllük burada daha geniş mənada işlədilir. Sırf dini anlamda deyil. Məncə, bu, yüngül əxlaqlı, yüngül düşüncəli, söyüş janrının daşıyıcısı olan insanlara daha geniş yer verilməsidir ki, o da gəncləri fəlakətə aparır".
Beləliklə, bu kimi halların kökündə duran səbəblər kimi Allahdan, dindən uzaqlaşma, ətraf mühit, ailə, virtual münasibətlər, iqtisadi sıxıntılar və s. göstərilir.

Sevinc Fədai
AzNews.az