Nigar Camal beynəlxalq konqresdə çıxış etdi – FOTOSESSİYA

1 Oktyabr 2012 13:10 (UTC+04:00)
"Eurovision-2011"in qaliblərindən biri - Nigar Camal Sankt-Peterburqda keçirilən "Həyat təhlükəsizliyi üçün yollarda təhlükəsizlik" beynəlxalq konqresində iştirak edib.

AzNews.az-ın məlumatına görə, BMT-nin "Yol təhlükəsizliyinin on illiyi" proqramının xoşməramlı səfiri qismində tədbirə qatılan Nigar Camal yol hərəkəti təhlükəsizliyinin təbliğatı səylərinin zəruriliyini, ictimaiyyətin diqqətinin yollardakı təhlükəsizlik problemlərinə cəlb edilməli olduğunu qeyd edib: "Mən çalışıram ki, imkanım daxilində yollardakı təhlükəsizliklə bağlı insanları maarifləndirəm".

Müğənni tədbirdə "Can’t let you go" mahnısını ifa edib və onun çəkildiyi klip nümayiş olunub. Klipdə yol təhlükəsizliyi problemi aydın şəkildə göstərilib.

Qeyd edək ki, konqres zamanı Nigar Camal Milli Məclisin MDB-nin Parlamentlərarası Assambleyasındakı nümayəndəsi Aydın Cəfərov, Rusiya daxili işlər nazirinin müavini (nəqliyyatda təhlükəsizlik üzrə) general Viktor Kiryanov, Beynəlxalq Avtomobil Federasiyası Fondunun direktoru Devid Vard, Təhlükəsiz və Stabil Nəqliyyat Şərqi Avropa Alyansının direktoru Emma MakLennan, həmçinin "Həyat" qeyri-hökumət təşkilatının rəhbəri Vüsal Rəcəbli ilə bir sıra görüşlər keçirib.

Fuad Mədətov
AzNews.az