BƏƏ naziri Azərbaycan turizmindən nələr danışdı?

1 Oktyabr 2012 13:29 (UTC+04:00)


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov dünya turizm günü münasibəti ilə Dubayın Turizm və Ticarət Marketinqi Nazirliyinin dəvəti ilə sentyabrın 30-da nazirin təftiş və turist lisenziyalarının verilməsi məsələləri üzrə müavini Nəbil Əbdül-Rəhman Əhməd və otellərə nəzarət işləri üzrə müavini Bədr Abdullah Məhəmmədlə görüşüb.

AzNews.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata əsasən, 2011-ci ilin Azərbaycanda turizm ili elan olunduğunu xatırladan "Azərbaycan" Cəmiyyətinin sədri bildirib ki, son bir il ərzində hökumətin turizmin inkişafına verdiyi diqqət sayəsində Azərbaycana gələn turistlərin sayı 2 milyon nəfəri keçib. Son bir neçə il ərzində Bakıda 16 beşulduzlu otel inşa edilib.

Həmçinin, ölkəmiz turizm üzrə keçirilən beynəlxalq tədbirlərə də ev sahibliyi edib. S.İmanov onu da qeyd edib ki, yaxın vaxtlarda Azərbaycana gələn xarici turistlər internet vasitəsilə elektron vizalar əldə etmək imkanına malik olacaqlar.

Azərbaycanın bölgələrində tikilən yeni turist-istirahət mərkəzləri və Qusarda inşa olunan dağ-xizək istirahət kompleksinə dair geniş məlumat verən Samir İmanov görüş zamanı turizm sahəsində artan imkanlarının Dubayda və digər əmirliklərdə yenə də təbliğ olunması məsələsini vacib sayıb.

Nazir müavini Bədr Abdullah Məhəmməd BƏƏ-dən Azərbaycana turist qismində gedən şəxslərin sayının əvvəlki illərə nisbətən artdığını bildirib, şəxsən özünün də yaxınlarda Azərbaycanı ziyarət edəcəyini qeyd edib.

Sevinc
AzNews.az