Nazirlik dərslik problemini qismən həll etdi

2 Oktyabr 2012 07:51 (UTC+04:00)
Paytaxt Bakı da daxil olmaqla ölkə üzrə birinci siniflərə qəbul olunan şagirdlərin sayında qeydə alınan artımla bağlı yaranan dərslik çatışmazlığı artıq həllini tapıb. Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının AzNews.az-a verdiyi məlumata görə, paytaxtın Səbael, Yasamal rayonları, eləcə də Abşeron və Sumqayıt şəhərləri da daxil olmaqla əksər bölgələrdə yeni dərsliklər şagirdlərə çatdırılıb.

Qazax, Ağstafa kimi rayonlarda ehtiyac az olduğundan yerli mənbələr hesabına təmin edilib: "Həftənin sonuna qədər bütün şagirdlərə yeni dərsliklərin verilməsi prosesi başa çatdırılacaq".

Məlumat üçün bildirək ki, son 6 ildə ilk dəfə olaraq paytaxtın I sinif şagirdlərinin sayı 3500 nəfərədək artıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, ötən il I sinfə gedən şagirdlərin sayı 32800 nəfər olub. Bu il isə təxminən 33500 şagird gözlənildiyi halda bu say 36 minə çatıb. Bu isə dərslik çatışmazlığı problemi yaratdığından nazirlik yeni dərsliklər çap edib.

Elnarə Əlosmanqızı
AzNews.az