“Bu cəmiyyətdə hər şey satışa çıxarılıb” - Nisə Qasımovayla müsahibə
16 Yanvar 2015 13:02 (UTC+04:00)
"Ələkbər Tağıyev heç vaxt bəstəkar kimi mahnılarını satmazdı. Mahnıları hansı səsə uyğundursa, onu da həmin ifaçıya verərdi".
Bu sözləri Xalq artisti Nisə Qasımova AzNews.az-a müsahibəsində deyib.
Onun sözlərinə görə, o, müğənniyə mahnılarının oxunuş qaydalarına kimi başa salırdı, mahnının populyar olması və gündəmdə qalması üçün hər şeyi axtarıb-araşdırırdı və yol göstərirdi.
-Mərhum bəstəkar Ələkbər Tağıyevin yaradıcılığında hələ onun qatı açılmayan, dinlənilməyən mahnıları var. Ələkbər Tağıyevin tələbəsi kimi siz o mahnılara həyat vermək, o mahnıları yaşatmaq fikriniz varmı?
- Ələkbər Tağıyev həm Zeynəb Xanlarova, həm mərhum sənətkar Məmmədbağır Bağırzadə və həm də mənim müəllimim olub. O, tələbə yetişdirmək və məmləkətə əsl müğənni təqdim etmək qabiliyyətinə malik olub. O zamanlar deyirdi ki, "Hərəniz bir müğənni götürün və yetişdirin. Onların hər biri səhnəyə çıxanda desinlər ki, afərin, filankəsin tələbəsidir". Mən Ələkbər Tağıyevin ailəsində böyüdüm. O ailədən sənət və tərbiyə aldım. Bir-birindən gözəl mahnılar ifa etdim. Bəli, Ələkbər Tağıyevin qatı açılmayan mahnıları var. O mahnıların efirə gəlməsi üçün ilk öncə onun ailəsi təşəbbüs göstərməlidir. Onlar Ələkbər Tağıyevin mahnılarının oxunması üçün icazə verməlidir. Məsələn, mən onun qızına necə deyim ki, Ələkbər Tağıyevin oxunmamış mahnılarını mənə verin? Hər hansı bir mahnının ərsəyə gəlməsi maddiyata bağlıdır. İstənilən qədər büdcə olmasa, biz yeni mahnı oxuya bilmərik. Müğənninin səhnədə çalıb-oxuması kifayət deyil. Ələkbər Tağıyevin oxunmayam mahnıları üçün yeni bir iş strukturu qurulmalıdır. Müğənnilər də həmin şirkətlə müqavilə bağlayaraq o mahnıları oxumalıdır. Yalnız bundan sonra Ələkbər Tağıyevin mahnılarını yaşatmaq olar. O mahnıların yaşanması üçün mənəvi-psixoloji çətinlik var. Hər bir audio kasetlərdə Ələkbər müəllimin danışıqları var. Elə musiqiləri var ki, sözləri var, eləsi də var sözləri yoxdur. Amma mən bilirəm ki, Ələkbər müəllimin yaradıcılığının 60 faizinə söz yazılmalıdır.
-Siz onun ailəsində böyüdüyünüzü dediniz. Ələkbər Tağıyevin mahnılarının yaşaması üçün onun ailəsi qarşısında təşəbbüs qaldırıbsınızmı?
-Mərhumun həyat yoldaşı Almaz xanım mənə dedi ki, artıq Ələkbər müəllim yoxdur, biz də onun yoxluğuna alışmalıyıq, amma gələcəkdə onun mahnılarını biz ailə olaraq sizə həvalə edərik. Sonra baş qarışdı. Nə oldusa, bu məsələ daha müzakirə olunmadı. Mən anlayıram. Ələkbər müəllimin mahnılarını açmaq həm onlara, həm də mənə çətindi. Bu, o zamanlar alınmadı. Sonra biz onun övladı Xalid müəllimlə də danışdıq. O, özü də fikirləşir ki, necə edək ki, Ələkbər Tağıyevin mahnıları ərsəyə gəlsin. Mən də bir daha onun nəzərinə çatdırdım ki, mahnılara müraciət etmək çox çətindi. Özü də tək maddi baxımdan deyil, hər anlamda çətindi. Məsələ hələ də beləcə cavabını tapmamış halda qalıb.
-Bu günlə uzlaşanda həmin mahnılar müğənniyə neçəyə başa gələr?
-Mən ümumiyyətlə, mahnıların qiyməti haqqında danışmıram. Ələkbər Tağıyev mahnı janrının kralı idi. Onun yazdığı mahnıların qiyməti belə yox idi. Heç kəsin xəbəri yox idi ki, həmin bu mahnı janrında tanınan Ələkbər Tağıyevin Azərbaycan Opera və Balet Teatrı üçün yazdığı musiqilər, operaları vardı. Deyirdi ki, Nisə xanım, bir opera musiqisi var, orada muğamlardan da istifadə olunacaq. Amma bilmədim ki, onun yaradıcılığında liberetto vardı, ya yox. Mənə görə, Ələkbər Tağıyevin mahnılarına qiymət vermək lazım deyil. Əgər bir halda ki, bu mahnılar maliyyə ilə müqayisə olunursa, əlbəttə ki, Ələkbər Tağıyevin mahnılarının dəyərinin qiyməti böyükdür. Onun mahnılarına yalnız və yalnız ailəsi qiymət qoya bilər. Bundan başqa heç kəsə ixtiyar verilmir. Bu, əvvəla günahdır. İkincisi də Ələkbər müəllimə qarşı böyük hörmətsizlikdir.
-Bu gün bəstəkarlar mahnılarını satırlar. Sizcə Ələkbər müəllim sağ olsaydı, o da mahnılarını satardımı?
-Yox. Ələkbər müəllim heç vaxt mahnılarını satmazdı. Mahnıları hansı səsə uyğundursa, onu da həmin ifaçıya verərdi. Ələkbər müəllim müğənniyə mahnılarının oxunuş qaydalarına kimi başa salırdı. Mahnının populyar olması və gündəmdə qalması üçün o, hər şeyi axtarıb-araşdırıb, yol göstərirdi. Mən Ələkbər müəllimin şəxsiyyətinə bələd idim. Onun nə qədər pula ehtiyacı olsa da, belə bu addımı atmazdı. Ümumiyyətlə, satqınlıq, satmaq kimi şeylər Ələkbər Tağıyevdən uzaq idi. Dəyərli bir əsəri satmaq onun ağlına belə gəlməzdi. Lap elə bu gün olsa da belə. Bu gün cəmiyyətdə hər şey alınıb satılır. İndi hər şey satışa çıxarılıb. Mahnılar da onun kimi. Yaradıcı insanlar, musiqiçilər, tənqidçilər tərəfindən bir komissiya təşkil olunsa, o mahnılara baxılsa, bəlkə də Ələkbər Tağıyevin mahnılarından ibarət komissiyanın nəticəsi olaraq onlara həyat vermək olardı. Dünya şöhrətli insanlar var. Onlar dünyalarını dəyişəndən sonra əşyaları hərraca çıxarılır. Ələkbər müəllimin mənim, Zeynəb xanımın və Məmmədbağır Bağırzadənin ifasında səslənən mahnıları bu gün də gündəmdədir. Müğənnilər həmin mahnılara bu gün də müraciət edirlər. Onlar yeni aranjemanla gündəmə gəlir. Məsələn, 1960-cı ildə Ələkbər müəllim metro açılışında bir mahnı yazmışdı. O mahnı hələ də qalır.
-Niyə oxunmur o mahnı?
-İndi o mahnını oxumağın mənası yoxdur. Həmin musiqiyə başqa sözlər yazmaq olar. Çox gözəl musiqidir.
-Ələkbər müəllim mahnılarını necə bölüşdürürdü. Səsə, sənətinə görə, yoxsa sevdiyi sənətkara verirdi?
-Onun mahnılarını kimlər oxumurdu? Rübabə Muradova, Şövkət Ələkbərova, Flora Kərimova və s. Bu insanlara dəyər verilirdi. Mən onun tələbəsi sayılıram.
-Sizi Ələkbərov ailəsinə kim aparıb?
-1972-ci ilin oktyabr ayında Ələkbər Tağıyevin dəvəti ilə Zeynəb Xanlarova ilə birlikdə Ələkbərovlar ailəsinə getdim. Bir var peşəkar səhnədə olan müğənni, biri də var yeni başlayan ifaçı. Elə mahnılar vardı ki, Ələkbər müəllim sırf onu mənim üçün yazırdı. Qısa vaxt ərzində onun mənə böyük etmadı yarandı. Çox şeylər var, amma biz onu ancaq Ələkbər müəllimin ailəsi ilə fikir mübadiləsi aparandan sonra deyə bilərik. Ələkbər müəllimin bir xarakteri vardı. O, ifaçının gələcəyinə inanmasaydı, ona dəyər verib, işbirliyi qurmazdı. Nəticəsi olmayan işin arxasınca düşməzdi. O, "ulduz"a deyil, əxlaqı-mənəvi dəyərlərə qiymət verirdi. O vaxtı müğənnilərin qarşısında böyük maneçilik vardı. Zeynəb xanım, mən, Məmmədbağır Bağırzadə o qadağalara riayət eləmişik. Məmmədbağır Bağırzadənin bir fərqi vardı ki, o toylara gedirdi. Ələkbər müəllim toyların seçiminə belə müdaxilə edirdi. O deyirdi ki, "Elə toya gedin ki, orada sizin sənətinizə qulaq assınlar". Mənim özüm də, deyə bilməzdim ki, toylara getmək istəyirəm. Onsuz da mənim toylara həvəsim yox idi. Ələkbər müəllimin fikrincə, müğənni pul üçün səhnəyə çıxmamalıydı.
- Ələkbər Tağıyev həmin dövrdə hansısa şətinliklə üzləşdimi, haqsızlığına rast gəldimi?
-Əlbəttə. Bu gün olduğu kimi o dövrdə də rəqiblər, bir-birini bəyənmək və bəyənməmək məsəli vardı. Kommunist rejimi dövründə kimsə birinə artıq söz deyə bilməzdi. Ona müəyyən təzyiqlər də vardı. O, bu qadağalara çox alnı-açıq, necə deyərlər, qanunlara riayət edən bir insan olduğundan qısqanclıqları da yazılmayan qanunlar kimi qəbul edirdi. Ona qadağalar da vardı, təzyiqlər də. O, elə bir möcüzə insan idi ki, daxili aləminin mürəkkəb zənginliyi vardı. Özü hüquqşünas, prokuror idi. O, siyası məsələlərdən xəbərdar olan şəxs idi. Ələkbər müəllim pambıq yığımı dövründə Qızqayıt xanımın bizə verəcəyi qələbəni qabaqcadan görürdü. Artıq onun haqqında mahnılar yazılırdı. O, bizim hər bir nailiyyətimizlə bağlı olan insanların adlarına mahnılar yazardı. Sizə bir sirr açım. Bu gün bəstəkarlar prezidentimizə çox gözəl mahnılar yazırlar. Hərəsinin bir gözəlliyi var. Dəstəyimizi, rəğbətimizi ona mahnılarımızla bildiririk. Çoxlarının xəbəri yoxdur. Onun "El yolunda" adlı mahnısı var. Həmin mahnı hələ sovetlər dönəmində Allah rəhmət eləsin, ulu öndər Heydər Əliyevə həsr olunmuşdu. Bizə deyirdi ki, "Heç bir yerdə deməyin, sadəcə məhəbbətimizi Heydər Əliyevə bu cür bildirməliyik". Bu mahnı nə qədər də ürəyimizcədir, bunu danmaq olmaz. Ələkbər müəllim demədi ki, bu mahnını məhz ulu öndər üçün yazıb. Bu mahnı oxunanda hamı deyirdi ki, görəsən, bu əsər kimə həsr olunub? Amma heç kəs bilmirdi ki, Ələkbər müəllim onu Heydər Əliyev siyasətinə yazıb.
Bahar RÜSTƏMLİ
AzNews.az