Aqşin Mehdiyev: “Nalbandyanın BMT-dəki çıxışı iflasa uğrayıb”

2 Oktyabr 2012 09:06 (UTC+04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın BMT Baş Məclisində ümumi müzakirələr çərçivəsində çıxışı iflasa uğrayıb.

Trend-in Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinə istinadən verdiyi məlumata görə, Nalbandyan Azərbaycanın əleyhinə uydurma fikirlər səsləndirsə də, ölkəmizin BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev cavab hüququndan istifadə edərək Nalbandyanın çıxışında ifadə olunmuş fikirlərə münasibət bildirib və erməni nazirin çıxışının tamamilə yalanlar üzərində qurulduğunu vurğulayıb.

Çıxışını demək olar ki, Ramil Səfərov məsələsi üzərində qurmuş Nalbandyanın müvafiq qeydləri ilə bağlı Mehdiyev Azərbaycan tərəfinin bununla bağlı mövqeyinin BMT-nin baş katibinə ünvanlanmış məktubda aydın surətdə ifadə edildiyini bildirərək üzv dövlətləri həmin məktubla tanış olmağa çağırıb.

Ramil Səfərov məsələsini irqçilik nümunəsi kimi təqdim etməyə çalışan Ermənistan XİN rəhbərinin fikirlərinə cavab kimi Mehdiyev monoetnik Ermənistandan fərqli olaraq Azərbaycanın çoxmillətli dövlət olduğunu və ermənilərin Dağlıq Qarabağdan başqa ölkəmizin digər ərazilərində də yaşadıqlarını vurğulayıb. Mehdiyev müxtəlif beynəlxalq təşkilatların Ermənistan cəmiyyətində dözümsüzlük və nifrətin mövcudluğu faktını qeyd etməsinə toxunub. Səfir bildirib ki, bu dözümsüzlük və nifrət işğal edilmiş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsində və etnik zəmində qondarma qurumun yaradılmasında da öz əksini tapıb.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi hazırkı Ermənistan Prezidenti Serj Sarkisyanın hələ 2000-ci ildə müdafiə naziri olarkən verdiyi müsahibələrinin birində minlərlə azərbaycanlı mülki əhalinin qətlə yetirilməsi ilə bağlı təəssüf hissi keçirmədiyi fikrini xatırladaraq, Ermənistan rəhbərliyinin cinayətkar mahiyyətini diqqətə çatdırıb.

Mehdiyev Edvard Nalbandyanın guya beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyinin Ermənistanın mövqeyi ilə üst-üstə düşməsi fikrinə cavab olaraq BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin qətnamələrində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi çağırışının əks olunduğunu, son olaraq təkcə bu il NATO, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının sammitlərində qəbul edilmiş sənədlərdə Azərbaycanın münaqişə ilə bağlı mövqeyinə uyğun müddəaların öz əksini tapdığını xatırladıb və Sarkisyanın məhz buna görə NATO və Qoşulmama Hərəkatının toplantılarına qatılmaqdan imtina etdiyini vurğulayıb.

Mehdiyev əlavə edib ki, işğalçı dövlətin təcavüzünün qurbanı olan ölkəni özünün hərbi büdcəsini artırmaqda günahlandırması gülüncdür. Bundan əlavə, Azərbaycanın hərbi büdcəsi onun ümumi büdcəsinin artması kontekstində artır və bu, ölkənin ərazisi, əhalisi və ümumi daxili məhsulunun həcmi ilə uyğunluq təşkil edir. Ermənistan isə əslində Cənubi Qafqazda ən hərbiləşmiş dövlətdir.

Ümumiyyətlə, Edvard Nalbandyanın çıxışı, eləcə də sonradan cavab hüququ ilə çıxış edən Ermənistan nümayəndəsinin qeydləri BMT Baş Məclisində olan diplomatların təəccübünə və hətta istehzasına səbəb olub.

AzNews.az