20 Yanvar faciəsinin qurbanları Kiyevdə və Lvovda anıldı

20 Yanvar 2015 21:26 (UTC+04:00)

AZNEWS.AZ Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna istinadən xəbər verir ki, Səməd Vurğun adına Kitabxanada baş tutan tədbir faciə qurbanlarının xatirəsinə 1 dəqiqəlik sükutla başlayıb.
Mərasimdə iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, səfirlik əməkdaşları, diasporun üzvləri, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının fəalları tədbirə qatılan Ukrayna icitimaiyyətinin nümayəndələrinə 20 Yanvar faciəsinin Azərbaycanın milli istiqlal mübarizəsi tarixindəki mahiyyətini çatdırmağa çalışıblar.
Daha bir anım tədbiri isə Ukraynanın Lvov şəhərində baş tutub. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov təşkilatının sədri Məcid Nuxuyev və diasporun üzvü, iş adamı Eldəniz Əliyevin təşkilatçılığı ilə 20 Yanvar faciəsi şəhidlərinin və qurbanlarının xatirəsinə ehsan mərasimi təşkil edilib. Mərasimdə şəhidlərin ruhuna dualar oxunub. Lvovda yaşayan ukraynalı ziyalılara faciənin tarixi barədə ətraflı məlumat verilib.