Ermənilərlə azərbaycanlılar vahid cəbhədə - ABŞ-da
21 Yanvar 2015 12:04 (UTC+04:00)
AzNews.az həmin yazını olduğu kimi təqdim edir:
Yanvarın 12-də Vaşinqtonda guya "Azərbaycanda azad səsin boğulması" mövzusunda keçirilən dinləmələrin siyasi mübarizə qanunlarına görə yalnız bir adı vardı - satqınlıq və xəyanət.
Bu dinləmələrin iştirakçılarının çoxunun azərbaycanlı ad-soyadı daşıdığını və onların özlərini milli-demokratik düşərgəyə aid etdiyini nəzərə alanda onların niyyətindən asılı olmayaraq əməllərinin yalnız bir adı var - milli xəyanət və satqınlıq.
Burada məsələ heç də Azərbaycanın siyasi rəhbərliyinin ünvanına səslənən ittihamların nə dərəcədə doğru olmasında, onlardakı həqiqət və ya yalan yükünün nə qədər olmasında deyil. Məsələ heç təəssüf ki, həmvətənlərimiz olan, bir hissəsi çoxdan qürbətdə yaşayan, bir hissəsi isə orada doğulduqları üçün vətən adlandırdıqları ölkədən gedib Vaşinqtonda toplaşan gənc siyasətçilərin beynini çulğamış idarəolunmaz siyasi xaosda da deyil.

Məsələnin bütün mahiyyəti siyasi kütlükdədir, siyasi anlaqsızlıqdadır. Hər şeyi öz adı ilə çağırası olsaq, bu, siyasi prinsipsizliyin ən son həddidir.
Amerika hakimiyyətinə, sonuncu vasitəsilə ilə isə bütün Qərbə Azərbaycanın vəd etdiyi demokratiyadan geri çəkilməsi şikayəti ilə üz tutan həmvətənlərimizin şəxsiyyətini xarakterizə etməyəcəyik. Bu adamları onsuz da hamı yaxşı tanıyır.
Amma oxucuda daha dolğun təsəvvür yaransın deyə virtualaz.org saytı Vaşinqton dinləmələrinə qatılan bütün iştirakçıların siyahısını təqdim edir.
Tədbirdə Vaşinqton administrasiyasından aşağıdakı şəxslər iştirak edib:
Beynəlxalq Demokratiya Araşdırmaları Fondunun icraçı direktoru Kristofer Uolke;
Demokratiyaya Milli Dəstək Fondunun (NED) Avrasiya və Rusiya üzrə proqram direktoru Miriam Lanskoy;
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç və Azərbaycan hakimiyyətini tənqid etmək üzrə "ixtisaslaşan" qeyri-hökumət təşkilatlarının digər nümayəndələri.
Bəs Azərbaycanı kim təmsil edib? Buyurun, bu da tam siyahı:
Tarixçi-alim Altay Göyüşov;
"Azadlıq" radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Əliyev;
Liberal-Demokrat Partiyası adlı cırtdan təşkilatın rəhbəri Fuad Əliyev;
"Amerikanın səsi" radiosunun Azərbaycan xidmətinin əməkdaşları Əsgər Əsgərov, Əzizə Göyüşzadə və Vüsalə Həsənova;
"Advantec Solutions" təşkilatının nümayəndəsi Orxan Böyükzadə;
İREX-in əməkdaşı Ülvi İsmayıl;
Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Elmar Şahtaxtinski;
"Sumqayıt gənclərinin hüquq maarifçiliyi" ictimai birliyinin sədri Elçin Məmmədov;
"Foley Hoag" təşkilatının nümayəndəsi İsa Mirzə;
NED-in təmsilçisi Rəna Məmmədli;
ABŞ-ın Corctaun Universitetinin əməkdaşı Rəşid Nəsibov;
"Free Person" təşkilatının nümayəndəsi Şahin Nəsrullayev;
Corc Marşal Mərkəzinin nümayəndəsi Rafiq Qurbanzadə;
"Turan" agentliyinin Vaşinqtondakı xüsusi müxbiri Aleks Raufoğlu (Bakıda çıxan "Ekspress" qəzetinin keçmiş əməkdaşıdır, o, Azərbaycanda Ələkbər adı ilə çalışıb);
ABŞ kəşfiyyatının məşhur agenti Səid Nuri.

İndi isə bu məsələnin ən maraqlı detalı barədə. Azərbaycana dair dinləmələrdə ermənilərin böyük bir təbliğat-təşviqat desantı da iştirak edib. Bu da azərbaycanlı müxalifətçilərlə eyni cəbhədən çıxış edən erməni ideoloq və təbliğatçıların siyahısı:
İşğalçı "DQR" rejiminin Vaşinqtondakı "nümayəndəsi" Aram Avetisyan;
Ermənistanın ABŞ-dakı səfirliyinin nümayəndələri Karen İsraelyan və Anna Naqdalyan;
PDRC təşkilatının təmsilçisi Vilen Klqatyan;
Amerika Erməni Assambleyasının nümayəndəsi Taniel Kuşakcyan;
Amerika Erməni Milli Komitəsinin rəhbərlərindən biri olan Keyt Naxapetyan;
Ermənistanın İctimai Televiziyasının nümayəndəsi Haykaram Naxapetyan;
ABŞ-ın Con Hopkins Universitetinin əməkdaşı Armen Saakyan və Amerikadakı erməni milli diaspor təşkilatlarının digər nümayəndələri.
***
Azərbaycanlı ictimai xadimlərin bu hərəkətinə, yəni onların öz ölkəsinə çirkab atmasına və bu zaman zalda ön sıralarda oturan ermənilərin - işğalçı "DQR" və Ermənistan təmsilçilərinin alqış sədalarından həzz almasına nə ad vermək olar?
Axı həmin ermənilər Azərbaycana dair böhtan dolu fikirlərə çəpik vuranda onların işğalçı ölkələrinin əsgərləri Qarabağda Azərbaycan əsgərinə silah tuşlayır, onların qanını axıdırdı!

Beləliklə, Azərbaycan əsgəri indi iki cəbhədə döyüşməyə, iki cəbhədən açılan atəşi susdurmağa məcburdur. Birinci və əsas cəbhə erməni cəbhəsidir. İkinci, yeni cəbhəni isə bizimkilər yaradıb. Bu, birləşmiş erməni-azərbaycanlı "milli-demokratiya cəbhəsi"dir.
Fikir verin, dinləmələrdə nə Baqdasaryanın hüquqlarının müdafiəsi ilə məşğul olan sülhyaradıcılar, nə də Tekali sülhyaratma təşəbbüskarları iştirak etmirdi. Azərbaycandakı daxili siyasi vəziyyətə həsr olunmuş dinləmələrə Bakıdan getmiş natiqlərlə yanaşı bir də erməni millətçiləri qatılmışdı. Bu adamlar təkcə Əliyev hökumətinin yox (burada söhbət hakimiyyətdən getmirdi), ümumən bütün Azərbaycan dövlətinin və dövlətçiliyinin ünvanına sərt mövqedən kəskin çıxışlar edirdi.
Antiazərbaycan "sxodka"sına icazə verən ABŞ administrasiyasının nümayəndələri ola bilər belə desin ki, bəs, demokratiyanın norma və qaydaları belədir, bu cür dinləmələrdə qapılar hamının üzünə açıqdır və s.
Yaxşı, bəs bu dinləmələr asta-asta, hiss edilməyəcək şəkildə Azərbaycan üzərində qurulan məhkəməyə döndəriləndə Azərbaycandan olan məruzəçilərin heç olmasa birinə buna hansısa formada öz etirazını bildirməyə, zalı tərk etməsinə nə mane olurdu? Yaxud bu azərbaycanlı milli satqınların hansı biri Ermənistanla bağlı analoji tədbirlərə dəvət olunub və olunur? Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etdiyi son 25 ildə belə bir hadisə olmayıb və Vaşinqtonda heç ola da bilməz.
Cəfəng erməni lobbisi söhbətini yerli-yersiz ortaya atmağı yığışdırın. Konqresi Qarabağ separatçılarına yardım göstərilməsi barədə qətnamələri bir-birinin ardınca qəbul etməyə heç kim məcbur etmir və etməyib. Xocalıda baş verənləri, 1990-cı ilin 20 yanvar hadisələrini genosid kimi qəbul etməkdə ABŞ hökumətinə, Konqresə nə mane olur?
Vaşinqton Bakıdakı qanlı yanvar hadisələrini özünün ənənəvi ikiüzlü demokratiyasına sədaqət ruhunda "qeyd etdi". Azərbaycan isə özünün haqlı tələblərində ABŞ-ın yardımına və siyasi dəstəyinə bel bağlayırdı. Amma bu dəstəyi görmədi. İndi kara da, kora da məlumdur ki, heç vaxt da görməyəcək.
Amerikalı siyasətçilərin və KİV-lərin antiazərbaycan isterikasını son aylar qızışdırmasının səbəbi var. Onlar bununla təcavüzkarı yerində oturtmağa həvəslərinin olmamasını ört-basdır etmək, özlərinə bu yolla bəraət qazandırmaq istəyirlər. Bu məsələdə də bizim siyasətpərdazların timsalında özlərinə yaxşıca köməkçilər, "ələkçinin qılverənləri"ni tapıblar. Həmin həvəskar siyasətçilərsə müasir tariximizdə müxalifətçi müəllimləri tərəfindən tez-tez istifadə olunan taktikaya - "ölkə üçün, dövlət və cəmiyyət üçün nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" taktikasına əl atırlar.
Qanlı 20 yanvar da bu taktikaya görə oldu, Şuşa da ona görə getdi, Qarabağ da ona görə işğal edildi. 1990-cı ilin mayında - məşhur "Həlqə" əməliyyatı zamanı Azərbaycan qoşunları Qarabağ kəndlərini erməni işğalçılarından azad edəndə Azərbaycanın müxalif qüvvələrinin verdiyi bəyanat da bu eybəcər və murdar taktikanın məhsulu idi.
Həmin azərbaycanlı müxalifətçilər o zaman Ermənistanla həmrəylik nümayiş etdirərək bilirsinizmi nə deyirdilər?! Deyirdilər ki, Azərbaycan qoşunları Qarabağ kəndlərini erməni terrorçularından azad etməyib, erməniləri Qarabağdan deportasiya edib! Beləcə də deyirdilər!

Həmin biabırçı bəyanatda indiki "milli-demokratik" satqınların indiyə qədər fəxr etdikləri adamların - Əbülfəz Əliyevin, İsa Qəmbərin, Hikmət Hacızadənin, Leyla Yunusun və digərlərinin imzası var. Bu adamlar sonradan erməni "sülhyaradıcılar"la birgə Pribaltikada çıxış edərək dünya birliyini "Qarabağda ermənilərin hüquqlarını pozan Azərbaycan dövlətinin qarşısını almağa" çağırırdı.
Yəni həmin o "milli demokratiya" tarixçəsi milli satqınlıq cildində bu gün də davam edir. Aşkar düşmən və onun himayədarları qarşısında əyilmək, quyruq bulamaq şəklində davam edir...
Yuxarıda siyahısını verdiyimiz bu azərbaycanlıların adı nəhəng bir dövlətin paytaxtında Azərbaycan əleyhinə toplantı keçirən qüvvələrin və ermənilərin adları ilə yanaşı çəkiləcək. Bu adamlar tamamilə könüllü və şüurlu şəkildə ermənilərlə birləşərək, ermənilərlə eyni səngərə girərək öz ölkələrinə, öz dövlətlərinə böhtan atmağa başladılar. Həmvətənlərimiz arasında belə şərəfsizliyi boynuna götürənlər o qədər də çox deyil. Amma onlar bununla fəxr edirlərsə, etsinlər...
Sonda isə bir sual vermək lazım gəlir. Bu adamlar ona doğrudanmı inanır ki, ABŞ-dakı erməni lobbisi Azərbaycanda söz, ifadə, siyasi azadlıqların qarantı ola bilər?