Moskvada Azərbaycan diasporunun mitinqi başlayıb

2 Oktyabr 2012 11:53 (UTC+04:00)
Moskvada "Krasnopresnenskaya zastava" meydanında Azərbaycan diasporunun mitinqi başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hazırda mitinqə axın davam edir. Aksiyada azərbaycanlılarla yanaşı, ruslar da iştirak edirlər.

Qeyd edək ki, mitinq keçirilməsi təşəbbüsü ilə Ümumrusiya Azərbaycanlıları Konqresi və Moskvada yaşayan azərbaycanlı gənclər çıxış edib. Moskva meriyası Azərbaycan diasporuna mitinq keçirməyə icazə verib. Mitinqdə əsasən, "Millətlərarası münaqişələrə yox!", "Vladimir Putinin siyasətinə dəstək!" kimi şüarlar səsləndiriləcək. Azərbaycan diasporu bir müddət əvvəl meriyaya mitinq keçirməklə bağlı müraciət edib. Meriya diasporumuzun müraciətini müsbət cavablandırıb.

Xatırladaq ki, sentyabrın 14-də Moskvadakı erməni diasporu bu meydanda Ramil Səfərovun azadlığa buraxılmasına etiraz olaraq kütləvi aksiya keçirib. Aksiya zamanı Azərbaycan əleyhinə şüarlar səsləndirilib. Aksiyada çıxış edən Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski erməni xüsusi xidmət orqanlarını Azərbaycana və azərbaycanlılara qarşı terrora çağırıb.

AzNews.az