Hərbi komissar məhkəmə qarşısında

2 Oktyabr 2012 12:23 (UTC+04:00)


Sumqayıtın sabiq hərbi komissarına və komissarlığın digər vəzifəli şəxslərinə prokuror iş istəyib. Bakı Hərbi Məhkəməsindən Trend-ə verilən məlumata görə, bu gün hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı (prokuror) çıxış edib.

Dövlət ittihamçısı sabiq hərbi komissar, polkovnik-leytenant Samir Məmmədovun 12, komissarlığın 2-ci bölməsinin rəisi, polkovnik-leytenant Fəxrəddin Əliyevin 6, hərbi həkim komissiyasının sədri Mirnazir Muxtarov və 2-ci bölmənin rəis köməkçisi vəzifəsini müvəqqəti icra etmiş Azər Xalıqovun hər birinin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib. Təqsirləndirilən şəxslərin vəkilləri çıxışa hazır olmadıqları üçün proses oktyabrın 16-dək təxirə salınıb.

Sabiq hərbi komissar, 2-ci bölmənin rəisi və həkim komissiyasının sədri Cinayət Məcəlləsinin rüşvət alma (311.3.1, 311.3.2, 311.3.3-cü), vəzifə saxtakarlığı (313-cü), hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341.2.1-ci) maddələri ilə ittiham olunurlar və onlar ötən il həbs olunublar.

İttiham aktına görə, hərbi komissar işlədiyi müddətdə rüşvət alaraq bir qrup çağırışçıya hərbi xidmətə çağırışdan möhlət verilməsi və TQDK-ya təqdim etmək barədə arayış verib, bəzi çağırışçıların hərbi xidmətə yararsız hesab edilməsi, hərbi xidmətə yararsız olan çağırışçıların hərbi xidmətə göndərilməsi barədə qanunsuz qərarlar qəbul edib.

AzNews.az