AŞ PA-da 7 ildən sonra...

2 Oktyabr 2012 19:05 (UTC+04:00)


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasının bugünkü plenar iclası Rusiyaya həsr edilib. APA-nın Avropa Şurasındakı müxbirinin məlumatına görə, Monitorinq Komitəsi adından Rusiya üzrə həmməruzəçilər Georgi Frunda və Andreas Qrossun hazırladıqları "Rusiya Federasiyasının öhdəliklərinin yerinə yetirilməsi" adlı hesabatı ətrafında qızğın müzakirələr aparılıb.

Bu gün qəbul olunmuş hesabatda AŞ PA əsasən, Rusiya rəhbərliyini, xüsusilə prezident Putini ölkədəki sistemi demokratikləşdirməyə çağırıb.

Assambleya Rusiyanın qısa zamandakı demokratik inkişafı baxımından hazırda əlverişli məqamda olduğunu və dəyişikliklər dinamikasındakı potensialının istifadəsi üçün konkret islahatlara ehtiyacı olduğunu bildirib.

Buna misal olaraq, AŞPA son dövürdə ölkədə baş verən seçkilərdən sonra yüz minlərlə insanın küçələrə çıxaraq etiraz etmələrini, dəyişiklik istəyən vətəndaş cəmiyyətindəki oyanışı və hökumətin islahatlar çağırışlarını dinləməsi kimi məsələləri qeyd edib.

Assambleyanın fikrincə, Rusiyada 2011-ci ilin dekabrından bəri qəbul olunmuş qanun layihələri, eləcə də siyasi partiyalar haqqında qanunun qəbul olunması, Seçki Məcəlləsinə edilmiş dəyişikliklər, ölkə qubernatorlarının seçilmələrinin bərpa edilməsi kimi məsələlər bütövlükdə sistemin liberallaşdırılması istiqamətində siyasi iradəni nümayiş etdirən pozitiv təşəbbüs kimi qiymətləndirilməlidir.

Eyni zamanda, Rusiyada bu il qəbul olunmuş bir neşə qanunlar və qərarlar avropalı parlamentarların narahatlığına səbəb olub. Buna misal kimi, diffamasiyaya görə cəzalandırma, "İnternet haqqında" qanun, sərbəst toplaşma və qeyri-hökumət təşkilatları haqqında qanunlara edilən dəyişikliklər xüsusi olaraq qeyd edilib.

Assambleya hesabatında qeyd edib ki, bu kimi xoşagəlməz məsələlər Rusiyadakı siyasi vəziyyətin ziddiyyətlilik dərəcəsini göstərir.

AŞ PA əsasən Rusiya hakimiyyətini tənqidçi müxalifətə və QHT-lərə qarşı edilən təyziq və təqiblərdən əl çəkməyə çağırıb.

AŞ PA Rusiyada pluralist demokratiyanın fəaliyyətinin yaxşılaşdırılması, hüququn aliliyinin və insan hüquqlarının gücləndirilməsi və digər öhdəliklərin yerinə yetirilməsi məqsədilə xüsusi tədbirlər planını həyata keçirməyə və əməkdaşlığa çağırıb. AŞ PA bundan sonra da Rusiya üzrə monitorinqi davam etdirməyə də qərar verib və hesabat səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, Rusiya üzrə qəbul olunmuş bu sənəd Rusiyanın 1996-cı ildə Avropa Şurasına üzv olmasından sonra sayca üçüncü qətnamədir. Rusiya üzrə sonuncü qətnamə 7 il bundan əvvəl qəbul olunub.

AzNews.az