Ermənistan və Gürcüstandan tullantılar Kürə axıdılır

3 Oktyabr 2012 06:13 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən növbəti monitorinqlərin nəticəsini açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, Kür çayında suyun sərfi azalaraq 80.4 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 4, Ağstafaçayda fenollar və mis birləşmələri 3, Ağstafaçay su anbarında fenollar 4, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini keçib.

Senyabr ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 4, I Şahsevəndə fenollar 4, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 4 dəfə normadan artıq olub. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.93-6.25 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Elnarə Əlosmanqızı
AzNews.az