“Azərbaycan müxalifəti belə seçki keçirməyə və qalib gəlməyə qadir deyil”

3 Oktyabr 2012 07:49 (UTC+04:00)


Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun "Yeni Müsavat"a müsahibəsi:

- Əli müəllim, YAP-çı deputat Gülər Əhmədovanın mandatdan imtina müraciəti barədə parlamentdə müzakirələrin keçiriləcəyi gözlənilsə də, bu məsələyə toxunulmadı. Məsələyə baxılmamasının səbəbi nə idi?

- Parlamentə aid məsələləri məndən soruşma. Mən yalnız hakimiyyətə və icra strukturlarına aid məsələlərə cavabdehəm və cavab verirəm. Bununla bağlı da mən dünən açıqlama vermişəm. O ki qaldı parlament nə zaman bu məsələyə baxacaq, Gülər Əhmədovanın son hadisədəki iştirakı ilə bağlı hansı qərarı verəcək, əlbəttə, bu, parlamentin işidir. Parlament hakimiyyətin müstəqil qanadıdır və onlar da öz qərarlarını özləri planlaşdırıb özləri həyata keçirir.

- Hesab olunub ki, bu videomaterialın yayılması iri çaplı məmurların vurulmasına xidmət edir. Bir versiya da səslənir ki, bu prosesdə hakimiyyətdaxili qruplaşmaların da müəyyən maraqları var. Bu kimi iddialarla bağlı nə demək olar?

- Xidmət edir demək mülahizədir. Kimə, nəyə xidmət edir? Fakt budur ki, belə bir cəhd olub. Elşad Abdullayev cəhd göstərib ki, əyri yollarla topladığı pulu verib hakimiyyətdə mənsəb qazansın. Bu mənsəb qazanma müxtəlif yollarla olub. Çalışıb universitetini qorusun, parlamentə düşsün, parlamentdə komissiya sədri olsun. Bunun üçün də kifayət qədər pul verməyə hazır olduğunu o kadrlar göstərir. Amma buna nail ola bilməyib. O da faktdır ki, - yəni bu videodan göründüyünü mən deyirəm - ona vasitəçilik etmək istəyən insanlar olub, onlar da bu vasitəçiliklə heç nəyə nail ola bilməyiblər. Ortada olan budur. İndi bu, kimi hədəfə alır, niyə alır, məqsəd nədir, bunlar hamısı mülahizədir. Biz ancaq fakt haqqında danışa bilərik.

- İddialardan digəri budur ki, Gülər Əhmədova mandat məsələsini Prezident Administrasiyasında kimlərləsə həll edə bilərdi. Bu mənada açılan cinayət işi Prezident Administrasiyasının kandarınadək gəlib çıxa bilərmi?

-Videoda da görürsünüz ki, Elşad Abdullayev təkidlə cəhd göstərir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı çəkilsin. "Ramiz Mehdiyevlə mən görüşəcəyəmmi", "görüş olacaqmı", "bu pul ona çatacaqmı" kimi məsələlər orda müzakirə olunur və ona da birmənalı cavab alınır. Bilirsiniz, insanları təxribata çəkmək istəyən, insanların ünvanına onun eləmədiyi müxtəlif şeyləri yaxmaq istəyən insanlar keçmişdə də olub, indi də var, gələcəkdə də olacaq. Amma quru divara palçıq yapışmaz məsələsi var. Olmayan şey haqqında mülahizə yürütməyə dəyməz. Fakt odur ki, Elşad Abdullayev çirkin yollarla qazandığı pulları çirkin yola yönəltmək istəyinə çatmayıb və hakimiyyət orqanlarında da onun istəyinə sahib çıxan, onun puluna şərik olanlar olmayıb.

- Opponentləriniz Gülər Əhmədovanın prezidentdəki siyahını dəyişəcəyi barədə dediklərinə istinad edib ortada daha ciddi fiqurların mövcudluğunu və onların cəzalandırılmalı olduğunu deyirlər...

- Bu, blef də ola bilər. Hər bir insan qarşısındakı həmsöhbətini inandırmaq üçün müxtəlif variantlara, yollara əl atır. Ola bilsin ki, bu da onlardan biridir. Hər halda, olmayan şey haqqında danışmağa dəyməz. Əvvəla, prezidentə parlament seçkiləri ilə bağlı yalnız onun partiyası siyahı ünvanlaya bilər və ünvanlayıb. YAP-ın namizədlərini cənab prezidentlə razılaşdırıblar, çünki o, partiyanın sədridir. Qalan məsələlərdə heç bir siyahı olmayıb və bu siyahının kiminsə tərəfindən dəyişdirilməsi-filanı da hamısı fiksiyadır.

- İlk günlər Gülər Əhmədova haqqında partiya rəhbərliyi tərəfindən sərt fikirlər səsləndirildi. Amma bir gün öncə əvvəlki sərtlikdən əsər-əlamət olmadı və onun YAP-dan çıxarılmadığı da deyildi. Münasibətin dəyişməsi nə ilə bağlıdır, Gülər Əhmədovanın suç sahibi olmadığı üzə çıxır?

- Yeni Azərbaycan Partiyası təsadüf, üç-beş günün içində yaranmış, küçədə, diz üstündə, çayxanalarda formalaşmış bir partiya deyil. Bu partiyanın təməlində qanunçuluq, sosial-ədalət, prinsipiallıq durur. Ona görə də bir fakt başa çatmamış, prokurorluq və müvafiq orqanlar bununla bağlı son qərarını verməmiş, o videonun doğruluğu və yaxud qeyri-doğruluğu tam aşkarlanmamış belə bir qərarı verməyə normal, konstruktiv əsası olan partiyanın ixtiyarı yoxdur. Təəssüf edirəm ki, bu məsələdə jurnalistlər də, müxalifət də YAP-dan çox şey tələb edirlər. Amma bu partiya ciddi partiyadır və ciddi partiyanın da qərarı konkret faktlara əsaslanmalıdır.

- Amma partiyanın sədr müavini Əli Əhmədov ilk gündən dedi ki, bu, dələduzluqdur, YAP-ın adına yaraşmayan hərəkətdir...

- O görüntülər əlbəttə ki, dələduzluq görüntüsüdür. Amma bir görüntü ilə heç kim qərar verməz. Ciddi siyasi partiya, təşkilat onun tam ekspertizasının nəticəsini gözləməlidir.

- Baş prokuror Zakir Qaralov dedi ki, Elşad Abdullayev ölkəyə gəlməli, üzləşmə olmalıdır. Deməli, bunlar olmasa proses məntiqi sonluğuna çatmayacaq?

- Zakir Qaralov elə məntiqi sonluq ortaya qoymadı ki, Elşad Abdullayev gəlməsə, bu məsələ araşdırılmayacaq. Amma əlbəttə, Elşad Abdullayev məsələnin bir tərəfidir. Videonu yayıbsa, prokurorluğa müraciət ünvanlayıbsa, onunla bağlı bu dəqiqə cinayət işi-filan da ortada yoxdur, niyə də gəlməsin? Ancaq yüz dənə metod var; gedib ondan orda da (Fransada-red.) izahatları ala bilərlər, başqa şeylər də ola bilər. Hər halda, Zakir Qaralovun dediyindən o çıxmadı ki, Elşad Abdullayev bura gəlməsə, bu iş araşdırılmayacaq.

- Necə hesab edirsiniz, 2005-2010-cu illərdə parlamentin formalaşması prosesində üst-üstə neçə belə faktlar ola bilər və hakimiyyət özü bu faktları araşdırmağın marağındadırmı?

- Heç bir hakimiyyət bu tipli hallardan sığortalanmayıb. Azərbaycanda olan insanların hər birinin ayrıca xarakteri, davranış normaları var. Hakimiyyət də bu insanların hər birinin davranışına görə cavabdeh deyil. Keçmişdə də, bu gün də, gələcəkdə də belə hallar olacaq. Hakimiyyətə əyri yolla can atanlar, əyri yollarla pul qazanmağa nail olanlar, müxtəlif müddət cəzadan qalanlar keçmişdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Onların qazandığı pula şərik çıxmaq istəyənlər eynilə keçmişdə, bu gün və gələcəkdə olacaq. Amma belə hallar, bu mənfi hadisələr Azərbaycan cəmiyyətində sonluğa çatmırsa, bunlar məqsədlərinə nail ola bilmirsə, burada hakimiyyəti günahlandırmaq lazım deyil. Belə hallar aşkarlandıqca onun qarşısı alınacaq, aşkarlandıqca onlarla bağlı ciddi qərarlar veriləcək. Belə halların aşkarlanması üçün də hakimiyyət sistemli iş aparır.

- Ölkə başçısı və ya Prezident Administrasiyası İcra Aparatının rəhbəri ilə bu məsələ müzakirə olunubmu və olunubsa, onların mövqeyi necədir?

- Əlbəttə, ölkə başçısının bu məsələyə ciddi münasibəti var. Bu barədə hörmətli baş prokuror məlumat verdi, bu iş onun nəzarəti altındadır. O cümlədən Prezident Administrasiyasına da bu məsələlər bəllidir. Hakimiyyətin də münasibətini, məsələyə yanaşmasını mən mətbuatda əks etdirmişəm.

- İctimai Palata hesab edir ki, bu faktdan sonra parlament buraxılmalı, yeni seçkilər keçirilməlidir.

- İctimai Palata gecə yatır, yuxusunda bir şey görür, səhər onu cəmiyyətə açıqlayır. Mən bu qurumla bağlı əvvəlki fikrimdə yenə qalıram ki, bu qurum kifayət qədər ciddi qurum təəssüratı yaratmır.

- Sentyabr ayında 2013-cü il seçkiləri ilə bağlı müxalifətlə görüş keçirəcəyinizi desəniz də, bu, baş tutmadı. Deyəsən, vəziyyət dəyişdi deyə, görüş təxirə düşdü.

- Heç nə də dəyişməyib. Biz hakimiyyətlə cəmiyyətin digər institutları arasında dialoq əhval-ruhiyyəsində yaşayırıq. Belə dialoq aparılır. Mən iki belə görüş keçirmişəm, növbəti görüş haqqında da düşünürəm.

- Amma sizin müxalifət haqqında dediyiniz bəzi fikirlər etirazla qarşılandı və hesab olundu ki, dialoq sadəcə görüntü üçündür. Bu mövqedən çıxış etməyinizə səbəb nə oldu?

- Bir şeyi öz adı, öz rəngi ilə açıqlamaq heç də hansısa fikirdən əl çəkmək və yaxud yeni fikrə düşmək demək deyil. Mən açıqlama vermişdim və o fikrimdə qalıram ki, müxalifət partiyaları YAP-ın çağırışına ona görə qoşuldular ki, onların qoşulmamaq üçün imkanları yox idi. Əgər bu çağırışa da qoşulmasaydılar, Ramil Səfərov məsələsində də onlar opponentlik, müxalifət mövqeyi tutsaydılar, o zaman onların Azərbaycan siyasətində artıq, söyləyə biləcəyi, deyə biləcəyi heç bir iş qalmayacaqdı. Mən bu fikrimdə qalıram. İstənilən zaman da bu mövzuda müxalifət partiyasının əsas başbilənləri ilə dialoqa girməyə hazıram.

- Elə sonuncu videomaterial mövzusu növbəti iqtidar-müxalifət görüşündə müzakirə predmeti ola bilərmi?

- Əlbəttə, ola bilər. Müxalifət öz fikrini söyləyir. Suda boğulan saman çöpünə əl atan kimi, müxalifət hər şeyə əl atır ki, bu hakimiyyəti ifşa eləsin və o fonda da özlərinə tərəfdar toplayıb hakimiyyətə gəlsinlər. Bu, onların istəyidir. İndi bunu sağlam, qeyri-sağlam edirlər, bu, məsələnin ikinci tərəfidir. İstənilən müxalifət partiyası, istənilən siyasi partiya Azərbaycan cəmiyyətində fəaliyyət göstərirsə, deməli, bizim cəmiyyətin ictimai institutudur və hakimiyyətin borcudur ki, bunlarla dialoqa girsin, bunlarla əməkdaşlıq eləsin, bunların istəklərini dinləsin, məqbullarını qəbul etsin, qeyri-məqbullarını başa salsın.

- Müxalifət bu mövzuda diskussiya təşkil edərsə və dəvət alarsınızsa, hakimiyyət təmsilçisi olaraq həmin tədbirə qatılarsınızmı?

- Biz debatsız, diskussiyasız bunun obyektiv araşdırılacağına qarantiya veririk və bunu da gözləmək lazımdır.

- Gürcüstanda keçirilən seçkidən sonra müxalifət nəticələri tanıdı, Saakaşvili müxalifətin qələbəsini etiraf etdi. Azərbaycanda seçki ilə bağlı biabırçı fakt (məlum video nəzərdə tutulur-red.) müzakirə olunarkən qonşu ölkədə adamda qibtə hissi yaradan demokratik seçki təntənəsini müşahidə etmək sizdə hansı hisslər yaradır?

- Mən hesab edirəm ki, bizim indiki bəzi müxalifətçilərin nümunəsi ilə müqayisə etsək, Azərbaycan müxalifəti belə seçki keçirməyə və qalib gəlməyə qadir deyil. Çünki bunlarda konstruktivlikdən daha çox xarici qüvvələrə söykənərək nəyəsə nail olmaq hissləri var. Bu da xalqın istəyinə cavab vermir və belə yollarla hakimiyyətə gəlmək də mümkün deyil. O ki qaldı Gürcüstan nümunəsinə, əlbəttə, Gürcüstan cəmiyyəti özü müəyyən edir, kimi, niyə, necə seçmək. Ordakı proseslərlə Azərbaycandakı prosesləri eynilə üst-üstə qoyub müqayisə etmək olmaz.

- Heç olmasa, 2013-cü ildə bizdə də belə seçki ola bilərmi?

- Bizdə ondan da yaxşı seçki olacaq, buna əmin ola bilərsiniz.

- Müsavat fəalı Nigar Yaqublunun avtoqəzaya görə həbsdə saxlanılmasına sizin münasibətiniz necədir?

- Bu məsələ mənlik deyil. Bu, ictimai-siyasi məsələ deyil. Hər halda, bir qəza törətmiş insanın məsələsini hesab edirəm ki, dövlət səviyyəsinə qaldırıb ona münasibət öyrənmək o qədər normal hal deyil.

- Bu məsələyə humanizm prinsipindən yanaşılsa necə?

- Humanizm prinsipinə baxan institutlar var və onlar da lazım olanda buna münasibət bildirəcəklər. Amma hazırda qəza törətmiş bir insanın məsələsini bu boyda siyasiləşdirib ölkə səviyyəsinə, az qala dünya səviyyəsinə çıxartmaq ancaq bizim müxalifət tərəfindən mümkündür.

- Bir sıra deputatlar da Nigar Yaqublunu istintaq dövründə zaminə götürməklə bağlı müraciət ediblər. Məsələni müsbət həll etmək olmazmı?

- İstək başqa şeydir, mövcud hadisədəki şəraiti, müəyyən nüansları nəzərə alaraq qərar vermək başqa şeydir. Hər halda, bu həbsi həyata keçirənlər bəzi nüansları nəzərə alıblar və o nüanslar haqqında da müxalifət düşərgəsini təmsil edən vəkillərə də, siyasətçilərə də hər şey bəllidir.

- Və son sualım. Əli müəllim, xəbərlər yayılıb ki, müharibə başlayacaq...

- Boş şeydir...

AzNews.az