Gürcüstan Azərbaycandan alınan dərsliklərdən imtina edib?

3 Oktyabr 2012 09:16 (UTC+04:00)
Gürcüstan tərəfi bu ölkədəki azərbaycanlı şagirdlər üçün nəzərdə tutulan dərsliklərlə bağlı sifarişi hələ də Azərbaycanın Təhsil Nazirliyinə rəsmi qaydada təqdim etməyib. Bunu AzNews.az-a Nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bildirib.

F.Şahbazlının sözlərinə görə, buna baxmayaraq, təmsil etdiyi nazirlik tərəfindən Dövlət Gömrük Komitəsi və Baş Nazirin müavininə ünvanlanacaq məktublar artıq hazırlanıb: "Biz sənədləşdirmə işləri ilə bağlı məsələləri həll edirik ki, Gürcüstan tərəfindən rəsmi sifariş alınan kimi dərsliklərin göndərilməsi prosesini həyata keçirə bilək".

Qeyd edək ki, bu il Gürcüstana 4 minə yaxın dərsliyin göndərilməsi planlaşdırılır. Gürcüstanda birinci siniflər istisna olmaqla digər siniflərdə dərsliklər pulla alınsa da, Azərbaycandan göndərilən dərsliklər pulsuz paylanacaq.

Elnarə Əlosmanqızı
AzNews.az