“Çudo Peçka”da bəzi malların satışına qadağa qoyuldu

3 Oktyabr 2012 10:10 (UTC+04:00)


Daha bir "Çudo Peçka"da neqativ hallar aşkarlanıb. AzNews.az-a daxil olan məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Binəqədi rayonu, C.Xəndan 36 ünvanında fəaliyyət göstərən "Çudo Peçka" MMC-də və bu firmaya məxsus ticarət şəbəkələrində aparılmış araşdırmaların yekunu olaraq bir sıra məhsulun istehsalı və satışı qadağan edilib.

Belə ki, müəssisəyə məxsus istehsal sexlərində aşkar olunmuş nöqsanlar səbəbindən "Standartlaşdırma haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanunlarına əsasən bir sıra kulinariya məmulatları (ət və ciyər peraşkisi, mimoza, şuba salatı, ət qiyməsi ilə blinçik və s.), dönər və biskvitli kremli ballı xamalı tortun istehsalı və satışı qadağan olunub.

Eyni zamanda aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228.0.3, 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən inzibati qaydada protokol tərtib edilib.

AzNews.az