“Çudo Peçka” qadağalara münasibət bildirdi

3 Oktyabr 2012 12:28 (UTC+04:00)
Bir az əvvəl məlumat verildiyi kimi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Binəqədi rayonu, C.Xəndan 36 ünvanında fəaliyyət göstərən "Çudo Peçka" MMC-də və bu firmaya məxsus ticarət şəbəkələrində aparılmış araşdırmaların yekunu olaraq bir sıra məhsulun istehsalı və satışı qadağan edilib. müəssisəyə məxsus istehsal sexlərində aşkar olunmuş nöqsanlar səbəbindən "Standartlaşdırma haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanunlarına əsasən bir sıra kulinariya məmulatları (ət və ciyər peraşkisi, mimoza, şuba salatı, ət qiyməsi ilə blinçik və s.), dönər və biskvitli kremli ballı xamalı tortun istehsalı və satışı qadağan olunub.

Sözügedən müəssisə bu məsələyə münasibət bildirib. "Çudo Peçka"-dan AzNews.az-a verilən məlumata görə, bir neçə müddətdir ki, müəssisədə böyük yenidənqurma işləri gedir. Xüsusi dəvət olunmuş xarici ekspertlərin iştirakı ilə şirkətin mağaza-kafeləri təmir olunaraq yeni görkəm qazanır, orada olan sexlərdə müasir sanitar standartlara cavab verən təmir işləri aparılır və yeni avadanlıqlarla təchiz olunur: "Şirkət müştərilərə təqdim olunan məhsulun keyfiyyətli olmasına daim diqqət yetirib. Yenidənqurma ilə bərabər isə bu diqqət daha da artırılıb.

Məhsulların hazırlanmasında istifadə olunan xammalın keyfiyyətinə əmin olmaq üçün həm xammalı təqdim edən tərəfdən bu məhsulla bağlı müvafiq sertifikatlar tələb olunur, həm də qəbul olunan bütün xammal şirkət tərəfindən də yoxlanılır. Satılan məhsulların istifadə müddətinə nəzarət etmək üçün şirkətdə daxili komissya fəaliyyət göstərir. Yararlılıq müddəti keçmiş məhsullar mərkəzdə toplanaraq bu məqsəd üçün nəzərdə tutulmuş ərazidə komissiyanın iştirakı ilə məhv edilir".

Müəssisədən bildirilir ki, son zamanlar mediada yayılmış məlumatlarla bağlı şirkət tərəfindən aşadırmalar aparılıb. Nəticələr üzrə cavabdeh əməkdaşlar məsuliyyətə cəlb edilərək ciddi cəzalandırılıb: "Bir müddətdir ki, bəzi məhsulların istehsalı müvəqqəti olaraq dayandırılıb.

Bunun səbəbi həmin məhsullar üçün müvafiq sənədlərin tam qaydasında olmamasıdır. Artıq həmin məhsulların da sənədləşdirilməsi işinə başlanılıb. Bu proseslər tam yekunlaşdıqdan sonra "Çudo Peçka" həmin məhsulları da tezliklə yenidən satışa çıxarmağı planlaşdırır. Eləcə də dönər məhsulu ilə bağlı sənədlərdə bəzi çatışmazlıqlar var idi. Artıq həmin sənədləşmələr də tam qaydasına salınıb. Tezliklə dönərin satışı bərpa olunacaq".

Sevinc
AzNews.az