Bu gün Azərbaycan SSR “Azərbaycan Respublikası” adlandırılıb

5 Fevral 2015 10:05 (UTC+04:00)

Tarixdə bu gün fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın "Azərbaycan Respublikası" adlandırılması haqqında qərar qəbul edilib, ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev adına Fondun 2007-ci il üzrə "İlin adamı" mükafatı prezident İlham Əliyevə təqdim edilib, Napoleon senzuranı bərpa edib, Avstraliyada dünyanın ən böyük qızıl külçəsi aşkar olunub.

1810 — Fransa imperatoru Napoleon senzuranı bərpa edib.

1869 — Avstraliyada 62,5 kiloqram ağırlığında dünyanın ən böyük qızıl külçəsi aşkar edilib.

1917 — Meksika 28 federativ qurumdan ibarət dövlətə çevrilib.

1918 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti Qara Əbülfəs oğlu Qarayev (1918-13.05.1982) anadan olub. Dünya müsiqi xəzinəsinə daxil olan "Yeddi gözəl" (1952), "İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniyanın, "Don Kixot" (1960) simfonik qravürünün, "Leyli və Məcnun" simfonik poemasının, "Vyetnam" süitasının, fortepiano üçün 24 prelüdün, skripka və fortepiano üçün sonatanın, romansların müəllifidir.

1924 — Qrinviç rəsədxanası BBC radiosu vasitəsilə dəqiq vaxt xidməti göstərməyə başlayıb.

1925 — Azərbaycan Xalq Komissarları Soveti Bakıda Kitab Palatası təşkil etmək bərədə qərar verib.

1930 - Görkəmli xanəndə, muğam ustası Əlibaba Balaəhməd oğlu Məmmədov Bakının Maştağa kəndində doğulub. Yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına dəyərli töhfələr verib. 100-dən artıq mahnı və təsniflər yaradıb.

1936 — Çarli Çaplinin sonuncu səssiz filmi olan "Müasir zaman"ın ilk nümayişi keçirilib.

1939 - Tanınmış yazıçı, dramaturq, ssenarist və rejissor Rüstəm İbrahimbəyov Bakıda anadan olub. Əsərləri əsasında 30-dan çox film çəkilib, dünyanın bir sıra teatrlarında səhnələşdirilən pyeslərin müəllifidir.

1991 - 12-ci çağırış Ali Sovetin ilk iclasında Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul olunub, Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın Dövlət bayrağı kimi təsdiq edilib. Bundan öncə, 1990-cı ilin noyabrında Azərbaycanın bayrağı Naxçıvan Ali Məclisində qəbul olunmuşdu. Dövlət bayrağı bərabər enli üç üfüqi (mavi, qırmızı, yaşıl) zolaqdan ibarətdir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq istəyini, yaşıl rəng - İslam dininə mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.

2008 - ANS Şirkətlər Qrupu və Çingiz Mustafayev adına Fondun 2007-ci il üzrə "İlin adamı" mükafatı prezident İlham Əliyevə təqdim edilib. İlham Əliyev bu mükafata 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təməlinin qoyulması, Azərbaycan qazının Avropa bazarına çıxması, ölkədə infrastruktur layihələrinin həyata keçirilməsi, məcburi köçkünlərin çadır düşərgələrinin ləğv olunması, ordu quruculuğu və mətbuatın inkişafına verdiyi töhfələrə görə layiq görülüb.