AŞ PA-da siyasi məhbus müzakirələri

3 Oktyabr 2012 17:55 (UTC+04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasının bugünkü plenar iclasında siyasi məhbus anlayışı üzrə müzakirələr keçirilib. APA-nın Avropa Şurasındakı müxbirinin məlumatına görə, qurumun İnsan hüquqları və hüquqi məsələləri üzrə komitəsi adından "Siyasi məhbusların müəyyənləşdirilməsi" və "Azərbaycanda siyasi məhbuslar" üzrə məruzəçi, almaniyalı deputat Kristofer Ştrasserin hazırladığı "Siyasi məhbusların müəyyənləşdirilməsi" adlı hesabatı Assambleyanın plenar iclasında dinlənilib. Bu gün müzakirə olunan sənəd yalnız Azərbaycanla bağlı deyil, ümumilikdə Avropada siyasi məhbus anlayışının təsnifatına aiddir.

Hesabatda siyasi məhbuslar kriteriyalarının izahatında və mövzu ilə bağlı bugünkü müzakirələrdə parlamentarlar arasında əsas fikir ayrılığı siyasi məhbus məsələsinin Avropa Şurası Parlament Assambleyasına aid olub-olmaması ilə bağlı olub. Hesabatda bu məsələnin qısa tarixçəsi verilir və qeyd olunur ki, siyasi məhbus üzrə anlayış 2001-ci ildə Avropa Şurasında təşkilatın Baş katibinin təyin etdiyi ekspertlər tərəfindən hazırlanıb. Onların ilkin missiyaları təşkilata yeni üzv olmuş iki ölkə-Azərbaycan və Ermənistanda siyasi məhbus hesab olunan şəxslərin vəziyyətini öyrənmələri olub. Azərbaycana gəldikdə, hesabatda deyilir : Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olmasından bəri AŞPA 2002-ci ildən 2005-ci ilədək dörd dəfə ölkədə siyasi məhbusların vəziyyətini araşdırıb. Bu araşdırmalar Azərbaycandakı vəziyyətə görə edilib və AŞ Baş katibinin təyin etdiyi müstəqil ekspertləri tərəfindən obyektiv meyarlar əsasında həyata keçirilib. Daha sonra, müstəqil ekspertlərin qəbul etdikləri siyasi məhbuslar anlayışı üzrə qeyd olunan ümumi meyarlar o zaman bütün maraqlı tərəflər, o cümlədən, Avropa Şurası Nazirlər Komitəsi və AŞPA tərəfindən də qəbul edilmişdi.

AŞPA bu meyarlara yenidən sadiq qaldığını bildirərək, hesabatda qısaca olaraq bir neçə bəndlə siyasi məhbus anlayışının təsnifatını verir və Avropa Şurasına üzv ölmuş ölkələri bu meyarları qəbul etməyə, bu meyarlar altına düşən şəxsləri ya azad etməyə, ya da onlar haqda çıxarılmış hökmlərə yenidən baxmağa çağırır.

Amma bəzi parlamentarlar bu fikirlərlə razı olmadılar. Onların fikrincə, AŞPA 2001-ci ildən bəri indiyə kimi siyasi məhbus anlayışının meyarlarını heç vaxt müzakirə etməyib. Bu məsələ ilə bağlı Assambleyada nə müzakirələr keçirilib, nə də hansısa sənəd qəbul edilib. Məruzəçi Kristof Ştrasser özü də çıxışında qəbul etdi ki, siyasi məhbuslar anlayışı ilə bağlı AŞPA tərəfindən hər hansı bir hüquqi qərar və sənəd qəbul edilməyib. Kristofer Ştrasser çıxışında daha çox bu məsələyə Assambleyada qiymət verilməsini tələb edib.

Bu hesabatın AŞPA tərəfindən hazırlanmasına və Assambleyada müzakirələrə çıxarılmasına etiraz edən deputatlar, siyasi məhbus anlayışının istənilən meyarlarının şərhi və tətbiqi Avropa İnsan Haqları Konvensiyası və onun Protokollarında nəzərdə tutulduğu kimi, əsas hüquq və azadlıqların pozulması hallarını dəyərləndirən yeganə orqan olan Avropa İnsan Haqları Məhkəməsinin müstəsna səlahiyyətində olduğunu bildiriblər.

Yeri gəlmişkən, hesabat ətrafında Assambleyadakı müzakirələrdən öncə AŞPA-nın İnsan hüquqları və hüquqi məsələləri üzrə komitəsinin toplantısı keçirilib və bu iclasda "Siyasi məhbusların müəyyənləşdirilməsi" məruzəsinə əlavə və dəyişikliklər müzakirə edilib. Nəticədə məruzəçi Kristof Ştrasserin təqdim etdiyi məruzənin 3-cü bəndi silinərək, Assambleyanın bu məsələdə ayrıca olaraq yalnız Avropa İnsan Haqları Məhkəməsinin kompetensiyasını qəbul etdiyi müddəası ilə əvəzlənib.

Assambleyadakı plenar iclasda gedən əsas müzakirələr də elə hesabatdakı bu 3-cü bəndin dəyişdirilib-dəyişdirilməməsi ətrafında olub. Bir neçə deputatın məruzənin 3-cü bəndi ilə bağlı təklif etdikləri dəyişikliyin qəbul olunması bütövlükdə hesabatın əhəmiyyətini itirmiş və AŞPA-nın siyasi məhbuslar anlayışı məsələsindəki rolunu ləğv etmiş olardı. Lakin komitədə qəbul olunmuş bu dəyişiklik Assambleyadakı müzakirələrdə səsə qoyularaq prosedura görə qəbul olunmadı. Belə ki, Assambleyadakı səsvermələrdə səslər tən yarıya bölündü, amma prosedura görə dəyişiklik qəbul olunmamış hesab olundu.

Bununla belə, bu gün müzakirə olunan məsələ ümumi olaraq siyasi məhbusların müəyyənləşdirilməsi olsa da, çıxış edən parlamentarlar daha çox Azərbaycandakı vəziyyətdən danışırdılar və məruzəçi Kristofer Ştrasserin bu illər ərzində Azərbaycana səfər edə bilməməsini qınaqla qarşıladılar. Kristofer Ştrasserin hesabatını dəstəkləyən avropalı parlamentarların istəyi odur ki, AŞPA öz növbəsində siyasi məhbuslar anlayışı haqda hüquqi qiymət verə bilsin.

Eyni zamanda, bir çox parlamentarlar hesabatın AŞPA-da qəbul edilməsinə etiraz etdilər. Narazı olan deputatlar əsasən hesabatın tam dolğun olmadığını və daha da yaxşı hazırlanması üçün onun üzərində yenidən işlər aparılmasını tövsiyə etdilər. Hesabata qarşı kəskin şəkildə etirazını bildirən AŞPA-nın keçmiş sədri, türkiyəli millət vəkili Mövlud Çavuşoğlu məruzəçi Kristof Ştrasserin işini tənqid etdi və bildirdi ki, Ştrasser bu hesabatı hazırlamaqla heç bir iş görməyib, sadəcə 2001-ci ildəki ekspertlərin rəylərini götürərək onları yenidən kağıza köçürüb. Bundan başqa, bəzi avropalı deputatların fikrincə, bu hesabatın qəbulu bu və ya digər üzv ölkələrə siyasi təzyiqlərin edilməsi məqsədi də güdür.

Bu hesabatdakı müddəalardan gələcəkdə hansısa qatillər və ya terrorçuların da bəhrələnə biləcəklərindən ehtiyyat edənlər oldu. Əsasən də terrorizmdən əziyyət çəkən İspaniyadan olan deputatlar hesabatla və sənəddəki terminlərin qeyri-müəyyənliyi ilə bağlı öz narahatlıqlarını bildirdilər. Azərbaycan üzrə ispaniyalı həmməruzəçi Pedro Aqramunt da hesabata qarşı çıxdı və bu sənəddən terrorçuların müdafiəsi üçün istifadə edilməsinin mümkünlüyünü qeyd etdi.

Məruzə ətrafında gedən müzakirələrdə Azərbaycan nümayəndə heyəti üzvlərindən çıxış edən olmayıb. Müzakirələrin sonunda sənəd bütövlüklə səsə qoyuldu və 100 lehinə, 64 əleyhinə olmaqla qəbul olundu. Bu, AŞPA tarixində siyasi məhbus anlayışının meyarlarının müəyyənləşdirilməsi üzrə qurumun ilk sənədidir.

Qeyd edək ki, Siyasi məhbus anlayışı üzrə hesabatın hazırlanması haqda qərar AŞPA-nın ötən yay sessiyası çərçivəsində qurumun İnsan hüquqları və hüquqi məsələləri üzrə komitəsinin iclasında qəbul edilmişdi. Həmin komitə eyni gündə Azərbaycanda siyasi məhbuslar adlı hesabatın hazırlanmasını da qəbul etmişdi və hər iki hesabatın Assambleyanın hazırda keçirilən payız sessiyasına çıxarılmasını tövsiyə etmişdi. Hətta ötən sessiyada Assambleyanın bir neçə üzvü adı çəkilən bu iki hesabatı birləşdirib bir sənəd şəklində qəbul edilməsi təkliflərini irəli sürsələr də, bu təklif qəbul olunmamışdı. Nəticədə Komitənin qəbul etdiyi bu qətnamələrin gələcəkdə bir-birindən ayrı müzakirə edilməsi qərara alınmışdı.

AŞPA Bürosu "Siyasi məhbus anlayışının təsnifi" adlı qətnamənin yalnız Azərbaycana deyil, bütün Avropa ölkələrinə aid olduğunu bildirmişdi.

Xatırladaq ki, Kristofer Ştrasser bu hesabatı bəzi QHT-lərin təqdim etdiyi siyahı üzrə və Azərbaycana səfər etmədən hazırlayıb.

AzNews.az