AŞ PA Saakaşvilinin konstruktiv mövqeyini alqışladı

4 Oktyabr 2012 04:03 (UTC+04:00)
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) prezident Saakaşvilinin konstruktiv mövqeyini alqışlayır. Bu barədə AŞ PA-nın sədri Jan-Klod Minyon (Jean-Claude Mignon) çərşənbə günü qurumun payız plenar sessiyasında bəyan edib. "Gürcüstan demokratik seçkilərin keçirilməsinin möhkəmləndirilməsində önəmli mərhələni adlamışdır.

Mən yeni hökumətin formalaşdırılması prosesini asanlaşdırmaq istədiyinı açıqlayan prezident Mixeil Saakaşvilinin konstruktiv yanaşmasını xüsusilə alqışlayıram. Bundan əlavə, gürcü xalqının mənafeyi və bölgədə sabitlik naminə bu birgə hakimiyyət dönəmini uğurla yerinə yetirmək üçün siyasi qüvvələri dialoqa çağırıram"-Minyon bildirib.

Qeyd edək ki, bu gün Avropa Şurası Baş katibi Torbyorn Yaqland da (Thorbyorn Jagland) Gürcüstandakı seçkilərin nəticələrinin elanında bəyanatla çıxış edib.

AŞ Baş katibi qeyd edib ki, açıq və rəqabət şəraitində keçən, eləcə də beynəlxalq müşahidəçilər, o cümlədən AŞ PA müşahidəçiləri tərəfində demokratik seçkilər kimi tanınan seçkilərin yaxşı keçməsi son illər gürcü cəmiyyətinin demokratik transformasiyasının aydın və birmənalı işarəsi kimi başa düşülməlidir.

Yaqland "Gürcüstan arzusu" koalisiyasını da seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib. "Mən "Gürcüstan arzusu" koalisiyasını da qələbə münasibətilə təbrik edirəm. İnid bütün seçki mərhələlərini sona çatdırmaq, eləcə də hakimiyyət başına keçidin sakit və konstruktiv abu-havada aparılması önəmlidir. AŞ isə öz növbəsaində gənc, amma dinamik gürcü demokratiyasına təməl dəyərləri müdafiə etməkdə, eləcə də onu gözləyən çağırışların qaldırılmasında kömək etməyə hazırdır "-AŞ Baş katibi deyib.

AzNews.az