“Gənc repçiləri küçələrdən yığıb-yığışdıra bilmirik” - Anar Nağılbaz
9 Fevral 2015 11:12 (UTC+04:00)
"Hüseyn Dəryanın başına gələnlər bütünlüklə çılğınlığından baş verdi. Rəhmətlik hardasa jurnalistlərin də badına getdi".
Bu sözləri tanınmış rep ustası Anar Nağılbaz deyib.
O, AzNews.az-a müsahibəsində Hüseyn Dəryanın repdə etdiyi yeniliklərdən və repin bugünkü durumundan söhbət açıb:
-Hüseyn Dərya ilk növbədə 6-8 milli ritm vəzni ilə işləyirdi. Bizim öz deklamasiya xəttimiz var. Hüseyn Dərya bu vəznlə xarici vəzn arasındakı orta məxrəci tapdı. Bu da çox vacib idi. Rep milli şənliklərdə, xüsusilə toylarda sevilməyə başlanıldı. Hüseynin əsas əməyi bundan ibarət oldu. Bunu itirmək və danmaq olmaz. Hüseyn Dərya bu sənətdə öz dəst-xəttini və yolunu qoyub getdi. Şübhəsiz, rep sənətində bir məktəb qoydu. Bu gün onun Əşrəf Dərya adlı bir davamçısı var.
-Hüseyn Dərya öləndə yaxınlarının "Hüseyn Dəryanın ölümü bəzilərini sevindirdi" fikri diqqətləri çəkdi. Bu, nə dərəcədə həqiqətdir?
-Bunu insanları çaşdırmaq üçün dedilər. Və bu gün də deyirlər. Çox təəssüf edirəm ki, insanlarda bu cür fikirlər yaratmağa çalışırlar. Xırda bir məsələni şişirdib yayırlar. İstəyirlər ki, insanlar buna inansınlar. Bu, əslində belə deyil. Məncə, bu qalmaqalı uzatmağa da dəyməz. Baxıram ki bütün günü şou xətrinə qalmaqal qurulur və nəticədə o da bizə yaraşmır. Azərbaycanda şou deyilən anlayış yoxdur. Ona görə bu qalmaqal da yersizdir. Mən çox qabartmaq istəmirəm. Hüseyn bir az çılğın idi. Onun başına gələnlər bütünlüklə çılğınlığından baş vermişdi. Belə deyək, rəhmətlik hardasa jurnalistlərin də badına getdi.
"Hər gün eşidirik ki, filan məmurun oğlu narkotika aludəçisidir"
-Sənət aləmində meyxana və rep ifaçıları narkotik maddələrin aludəçisi kimi tanınır. Bu, nədən irəli gəlir?
-Mən bununla bağlı geniş məlumata malik deyiləm. Ümumilikdə isə narkotiki meyxana və rep ifaçılarına şamil edə bilmərəm. Əslinə qalsa, müxtəlif sahələrdə, adi həyatda yaşayan insanların arasında da narkotikə meyllilik var. Hər gün eşidirik ki, filan məmurun oğlu narkotik aludəçısıdir. Amma biz sənət adamları cəmiyyətin diqqətindəyik. Narkotikə meyllilik insanların birinci növbədə şəxsi həyatından, yaşayış tərzindən yaranır. Bəzilərinin maddi vəziyyəti aşağı olur, dolana bilmir. Bu zaman özünü öldürmək istəyir, ancaq qorxduğundan intihar edə bilmir və nəticədə narkotik maddələrdən istifadə edir.
-Narkotikin sonu da ölümə aparır…
-Buna asta ölüm deyirlər. Narkotik həm insanın beynini sakit edir, həm də asta-asta onu qurudur. Ağıllı gənclər bu yola üz tutmurlar. Məsələn, rep ifaçılarını götürsək, 100 faiz əminəm ki, bugünkü gənclər heç siqaret belə çəkmirlər. Bir çoxları idmanla məşğul olur. İnsan dünyaya yaşamaq üçün gəlir. Ömür isə bir dəfə verilir. Ondan faydalanmaq lazımdır. Narkotikə aludə olmaq bəzən imkanlı olmaqdan, karyeradan da asılıdır. Pul bir çox gənclərin başını gicəlləndirir. Əgər insan məşhurluğundan əvvəl çətin həyat görübsə, onun başını sonradan gələn pul və karyera gicəlləndirməyəcək. Amma bəzən əksinə olur. Çətinlik görən insan pul sahibi olanda başı şöhrətdən əsir. Belələri özlərilə bacarmayanlardır.
Azərbaycanda repin yaradıcısı Milli Qəhrəman Çingiz Mustafayev olub
-Rep Azərbaycana kimin ifasında gəlib?
-Bu baxımdan mülahizələr çoxdur. Onun Azərbaycanda yaradıcısı rəhmətlik Milli Qəhrəmanımız Çingiz Mustafayev olub, çünki o, "Dünənki keçdi" mahnısını deklamasiya xarakterli ritmə uyğun ifa edib. Amma sırf rep baxımından baxsaq, bu sənət tamam başqadır. Rep təkcə deklamasiya, ritm üzərində sözləri bölmək deyil. Necə ki, qəzəlin əruz vəzni var, eləcə də repin özünün vəzni var. Bu vəzn daha çox taktdan kənar bir vəzndir. Yəni, ritmin içərisində yaşamaq vəznidir. Sənin ritm duyumun çox güclü olmalıdır. Bəlkə də rəhmətlik Milli Qəhrəman yaşasaydı və sonra da bu işləri davam etdirsəydi, böyük nailiyyətlər əldə edərdi. Mənim payıma isə sadəcə olaraq pionerlik düşüb. Repə özünü həsr edən, Azərbaycan dilini bu sənətdə inkişaf etdirən ilk insan isə mənəm, amma mənimlə eyni vaxtda bir çox tanınmış qruplar vardı. Vaqif Gərayzadənin "Aypara" qrupunu misal çəkərdim. Zülfüyyə Xanbabayeva da ara-sıra bunlardan istifadə edirdi. Sırf fədai repçi isə mən oldum. Buna görə peşmançılıq hissi keçirsəm də, üzülmürəm. Əgər başqa yol tutsaydım, daha da irəli gedərdim. Ancaq rep canıma, qanıma o qədər işlədi ki, 40 yaşım olsa da, yenə səhnədəyəm.
Gənc repçilər küçələrdə qalıb
-Hazırda replə bağlı müsabiqə keçirilir. Bu layihə kimə məxsusdur?
-Gənclərin prodüser mərkəzləri var. Həmin prodüser mərkəzləri müxtəlif layihələr təqdim edirlər. Əslində bu, xarici ölkələrin bir layihəsidir. Buna bətul, yəni söz döyüşü deyirlər. Bu layihədə əsasən küçə sözlərindən istifadə olunur. Bəziləri bunu qınaq obyektinə çevirə bilər. Mən heç bilmirdim ki, küçə söz döyüşü bizə də bu dərəcədə gəlib çıxar. Mən də bu layihəyə qatılmışam. Müsabiqə. sadəcə gənc repçilərə həvalə olunub. Bilirsiniz ki, gənc repçilər küçələrdə qalıb. Biz onları küçələrdən yığıb-yığışdıra bilmirik. İstədik ki, onlara bu yolla dəstək olaq. Mənim bu müsabiqəyə qatılmaqda məqsədim qaydalara dəyişikliyin edilməsidir. Bu, mütləq lazımdır. Bəzi şeylər var ki, onu bizdə xarici formatda da edirlər. Orada bir az yerli-yersiz sözlərdən istifadə edirlər. Mən bunun əleyhinəyəm. Müsabiqə çoxdan başlayıb və internet kanallarının birində yayımlanır. Bu müsabiqə televiziya kanallarında nümayiş oluna bilməz. Əslində, küçə sözlərindən istifadə olunmasına baxmayaraq, xarici kanallarda belə müsabiqələr canlı yayımla verilir. Bu, həm də gənclərin əylənməsi üçün vacibdir.
-Müsabiqədə əsas məqsəd nədir?
-Küçədə dava etmə, narkotik çəkmə…. gəl, söz döyüşünə çıxaq və s. Müsabiqədə iştirak edənlərin məqsədləri budur. Bu söz döyüşündə söyüşdən də istifadə olunur. Ona görə efirdən kənar qaldı. Açığı bu söyüş məsələləri bizim meyxanalarda da var. Meyxana ustaları canlı yayımda döyüşürdülər, bir-birinə "burnun badımcandı" deyə təhqir edirdilər. Mən baxıram ki, gənclər sərhədi çox keçib. Söz döyüşündə də xoşuma gəlməyən nalayiq tərəflər var. Amma mən bu müsabiqənin keçirilməsindən xəbərsiz olmuşam. Hardasa 15 turdan çoxdur ki, müsabiqə davam edir. Hətta söz döyüşünün bir-iki dəfə çempionlarını da seçiblər. Bizdə əsas ətraf kütlədir. Ətraf kütlə kimə üstünlük versə, o da qalibdir. Çünki münsiflər əslində, ətraf kütlədir. Müsabiqəyə tanınmış repçilər də dəvət olunub.
Repin yeri toylar deyil
-Söz döyüşü niyə internet televiziyasında keçirilir. Televiziyalar repi göstərməyin marağında deyillər?
-Yəqin ki, marağında deyillər. Repdə həqiqət daha çoxdur. Cəmiyyətdəki mövzulardan daha çox danışılır. Meyxananın isə son vaxtlar efirə, toylara yolu daha çoxdur. Ara-sıra dinləyicilər var ki, bizi də dəvət edir. Amma repin yeri toylar deyil. Daha çox klublardır. Repi ancaq ictimai birlik forması xilas edə bilər.
-Yəni deyirsiniz ki, rep sənətinə biganəlik var. Sizcə bunun kökündə nə dayanır?
-Çox şey. Ona görə də küçələrdə qalıb. Nə yaxşı ki, xarici ölkələr var. Heç olmasa, tanınmış repçilər bu sənətlərini inkişaf etdirmək üçün xaricə üz tuturlar. Gördüyümüz kimi artıq küçə söyüşlərilə müsabiqəyə qatılırlar. Başqa yol yoxdur, onlar buna məcburdurlar.
-Sizi telekanalar efirə dəvət edirmi?
-Dəvət gəlir. Repə aid olanda gedirəm.
- Televiziyalardan sizə qarşı qadağa var idi. Bu, götürüldümü?
-Əslində bir ara məndə də belə fikir yaranmışdı. Güman edirəm ki, hazırda belə bir şey yoxdur.
Bahar RÜSTƏMLİ
AzNews.az