“Siyasi məhbus” məsələsi deputatları üz-üzə qoydu

4 Oktyabr 2012 05:16 (UTC+04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ücüncü iş günündə almaniyalı deputat Kristof Ştrasserin "Siyasi məhbus anlayışı" mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Avropa Şurasına (AŞ) üzv dövlətlərin bir çoxunda siyasi məhbus olduğunu deyib. Azərbaycana qarşı qərəzli mövqeini bir daha nümayiş etdirən deputat bu məsələdə Azərbaycanın da adını hallandırıb. O, həmkarlarını məruzə ilə bağlı düzəlişlərə dair qətnamənin əleyhinə səs verməyə çağırıb.

Amma deputatların əksəriyyəti məruzənin səthi hazırlandığını, AŞ-ın dəyərlərini əks etdirmədiyini bildirərək, qətnamə layihəsində irəli sürülən dəyişikliklərin lehinə olduqlarını bildiriblər.

Deputatlar "siyasi məhbus" məsələsində nə üçün digər ölkələrin adlarını deyil, məhz Azərbaycanın adını hallandırmasını məruzəçiyə ciddi irad da tutublar. AŞPA-nın vitse-prezidenti hollandiyalı deputat Kox Tinyunun çıxışı geniş əks səda yaradıb. O, bildirib ki, "siyasi məhbus" məsələsinin əsas meyarlarının nədən ibarət olmasını deputatlar deyil, Avropa İnsan Haqları Məhkəməsi müəyyən etməlidir.

Məruzədə dəyişikliklər edilməsi ilə bağlı irəli sürülən iki qətnamə layihəsi səsə qoyulub. Birinci dəyişiklik 152 səslə qəbul olunsa da, ikinci düzəlişin həm lehinə, həm də əleyhinə 89 deputat səs verib, 5 deputat bitərəf qalıb.

AzNews.az