11-ci sinif şagirdi necə dünya çempionu oldu? – FOTOSESSİYA

4 Oktyabr 2012 06:39 (UTC+04:00)


Bu il Slovakiyanın Bratislava şəhərində 17 yaşlı kişi kikboksçuları arasında keçirilən çempionatında dünya çempionu olan Emin Mövsümzadə uğurlarından danışıb. Kikboksçu AzNews.az-a açıqlamasında yarışa məşqçisi Hikmət Hacıyevin nəzarətində hazırlaşdığını bildirib:

"Bu il Slovakiyanın Bratislava şəhərində 17 yaşlı kişi kikboksçuları arasında keçirilən kikboksinq idman növündə dünya çempionu oldum. Məşqçim gənclər və yeniyetmələr arasında yığma komandamın baş məşqçisi Hikmət Hacıyevdir. Onun dəstəyi və köməyi nəticəsində uğurlara imza atmışam. Hikmət müəllimin nəzarətində gündə iki dəfə məşq edirdim. Məşq zamanı psixoloji təlimlər də keçirdim. Əlbəttə ki, bu rinqdə öz bəhrəsini göstərdi. Rinqdə rahat olsan, daha yaxşıdır. Çünki rinqdə özünə nə qədər güvənirsənsə, bu, idmançını qalib olmağa yaxınlaşdırır. Məşhur kikboksçu Məhəmmədəlinin çox gözəl bir sözü var: "Kəpənək kimi uçub, arı kimi sancıram". Rinqdə kəpənək kimi uçursansa, özünə güvən hissi artır. Bu da rəqibin çaşqınlığına səbəb olur. Uşaqlıq arzum olub ki, dünya çempionu olum və bu il də buna nail oldum. Ən çox bayrağı qaldıranda və himni oxuyanda sevindim. Bu günə qədər keçən il Avropa çempionatında 2-ci yerə, bu ilin ilk aylarında Azərbaycan çempionu və dünya çempionu oldum. Bundan sonra da bayrağımızı qaldırmaq üçün çalışacağam".

Yarışlarda hakimlərin ədaləti olduğunu söyləyən E.Mövsümzadə, məşqçisi Hikmət Hacıyevin sayəsində peşəkarlar arasında keçirilən döyüşdəki iştirakına da toxunub:

"Müəllimim məni böyüklər arasında keçirilən döyüşə buraxmışdı. Həmin döyüşdə 3-cü yerə çıxdım. Kikboksçu Zaur Ramazanova uduzub, 3-cü yerə çıxdım. Baxmayaraq ki, yarışda iştirak edən kikboksçular arasında mən təcrübəsiz idmançı sayılırdım".

Məlumat üçün bildirək ki, E.Mövsümzadə 1995-ci ildə oktyabr 2-də Bərdə rayonunda anadan olub. O, uşaq yaşlarından idmanın kikboksinq növü ilə məşğul olmaqla yanaşı, gəzməyi, kitab oxumağı xoşlayır. Gənc kikboksçu hazırda 11-ci sinif şagirdidir.

Fuad Mədətov
AzNews.az