Azərbaycanda “orqan alveri” şəbəkəsi genişlənir - ARAŞDIRMA

4 Oktyabr 2012 07:15 (UTC+04:00)


İnsan orqanlarının qanunsuz transplantasiyası məsələsi cəmiyyətin əsas problemlərindəndir. Tibbi terminologiyada transplantasiya bir insanın hər-hansı orqanının digər insana köçürülməsidir. Əslində bədənin hər hansı bir orqanını kiməsə bağışlamaqla bir insanın həyatını xilas etmək mümkündür. Lakin orqanların transplantasiyası həmişə xeyirxah məqsədlərlə olmur. Sosial vəziyyəti həddən artıq ağır olanlar üçün daxili orqanlar, sözün əsl mənasında gəlir mənbəyidir.

Ancaq məsələnin sonunda heç də həmişə transplantoloqlar gəlir əldə edə bilmirlər. Həm orqanlarından olurlar, həm də arzuladığı vəsaitdən. Elə bu problemlə bağlı redaksiyamıza bir şikayət daxil olub. Elyanora Cəbrayılova adlı vətəndaş maddi sıxıntısı olduğundan böyrəyini satmaq qərarına gəlib. Bu barədə elanlar da verib. Böyrəyini 50 min manata sata biləcəyi "alıcı" da tapıb: "O, vəzifəli bir şəxsdir. Qardaşı üçün istəyirdi böyrəyi. 50 min manata danışdıq, razılaşdıq. Məni notariat kontoruna aparıb ərizə yazdırdılar ki, guya, orqanımı satdığım şəxs mənim qohumumdur, böyrəyimi ona bağışlayıram. Transplantasiya əməliyyatı İranda həyata keçirildi". Ancaq bütün bu proseslərdən sonra E. Cəbrayılovaya razılaşdırılan maliyyə vəsaiti ödənilməyib. Elyanora xanım pulunu tələb etdikdə isə ona hədə-qorxu gəlməyə başlayıblar: "Mənə dedi ki, sənin ağırlığında mənim pulum var, sən mənə heç nə edə bilməzsən. Bir get bax, sən kimsən, mən kiməm? Onsuz da şikayətlərin boşunadır. Sonra isə zənglərimə cavab vermədi". Qeyd edək ki, əməliyyat ötən ilin noyabr ayında həyata keçirilib. E. Cəbrayılova problemi ilə bağlı Bakı Şəhər Prokurorluğuna və digər bir neçə quruma müraciət edib, ancaq heç bir nəticə yoxdur: "Hər dəfə deyirlər ki, məsələni araşdırırıq. Onun vəzifəsi qarşılarını kəsir yəqin…"

"Buna görə tərəflər cinayət məsuliyyəti daşıyır"

Məsələyə münasibət bildirən hüquqşünas Ələsgər Məmmədli vətəndaşın həyata keçirdiyi orqan transplantasiyasının qanundankənar bir hərəkət olduğunu söylədi: "Çünki insan orqanının satışı qadağandır. Bu əməliyyat bağışlanma şəklində ola bilər. Ancaq bu transplantasiya satış şəklində həyata keçirildiyi üçün hər iki tərəf cinayət məsuliyyəti daşıyır. Proses başa çatmayıbsa - orqanını bağışlayan tərəf bunun müqabilində pulunu ala bilməyibsə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə qarşı tərəfi məhkəməyə verə bilər. Məhkəmə də lazımi tədbirləri görüb cinayətkarı cəzalandıracaq".

Qeyd edək ki, bu, qanunla qadağan olunsa belə, daxili orqanlarını satmaqla pul qazanmaq istəyənlərin sayı təsəvvür olunandan daha çoxdur. Mütəxəssislər deyir ki, xarici ölkələrə getməyə risk etməyənlər daxildə özləri üçün bazar axtarır. Qanun isə donor orqanlarının alqı-satqısını qəti şəkildə qadağan edir. Xarici ölkələrin təcrübəsində də belədir. Rusiya qanunlarına görə, donorluq yalnız humanist məqsədlə könüllü olmalıdır, pul qazanmaq mənbəyinə çevrilməməlidir.

Orqanlarını satanlar kasıblardır

"Təmiz Dünya" İctimai Birliyinin araşdırmaları göstərir ki, insan orqanlarının ticarəti ilə məşğul olanlar ən çox kasıb və əhalinin çox olduğu ölkələrə üz tutur. Birliyin sədri Mehriban Zeynalovanın sözlərinə görə, artıq bu bazar transplantasiya turizmi adını alıb və hər il bu sahədə gəlir milyon dollarlarla ölçülür. Açıq-aşkar həyata keçirilməsə də, artıq ölkəmizdə "orqan alış-verişi" gedir. Bunun ziyanını isə kasıb təbəqə çəkir.

Ümumiyyətlə, müasir dövrdə dünyada orqan köçürmə minlərlə xəstə üçün ümid və yaşamaq qaynağı olmaqla yanaşı, bir sıra hüquqi və dini problemlər də meydana gətirib.

"Bu, kriminal hadisədir"

Tibbi ekspert, professor Adil Qeybulla bildirir ki, orqan qanunsuz olaraq götürülə bilməz: "Hər bir götürülən orqan təsbit olunmalıdır ki, o hansı vətəndaşdan götürülüb, onun razılığı alınıbmı və onun götürülməsi üçün göstəriş olub və ya olmayıb. Əks halda, onun mənbəyi və mənşəyi bilinmirsə, bu kriminal mahiyyət daşıyır. Ona görə də, orqan transplantasiyası gizli olmamalıdır. Bu tam açıq və qanunauyğun həyata keçirilməlidir".

Adil Qeybulla hesab edir ki, bu məsələ ilə bağlı bütün hüquqi tərəflər həll olunmalıdır ki, daha sonra resurslar haqqında düşünmək mümkün olsun: "O zaman bu kimi problemlər də aradan qalxacaq".

Dinimiz nə deyir?

İlahiyyatçı Elşad Miri isə İslama görə, könüllü orqan transplantasiyasının bəyənilən əməl olduğunu söyləyir: "Əgər bir xəstənin həyatını başqa yolla xilas etmək mümkün deyilsə, halallıq və razılıq əsasında orqanların transplantasiyası savabdır. Müqəddəs kitabımızın ayələrin birində buyurulub ki, bir insanı həyata qaytarmaq, bütün insaniyyəti həyata qaytarmağa bərabərdir". Ancaq E.Miri İslam dinində orqan transplantasiyasından biznes yolu ilə süni istifadənin bəyənilməyən olduğunu da bildirib. O qeyd edir ki, daxili orqanlar vasitəsi ilə pul qazanmaq, orqanları almaq, satmaq yolverilməz əməldir.

Sevinc Fədai
AzNews.az