Mirmahmud Mirəlioğlu tək qaldı

4 Oktyabr 2012 08:10 (UTC+04:00)


Bir müddət öncə Klassik Azərbaycan Xalq Partiyasının (KXCP) sədr müavinləri tutduqları vəzifələrindən istefa veriblər. Belə ki, partiyanın sədr müavinləri Ədalət Yusubov və Fikrət Cəfərli müavinlik vəzifəsindən imtina ediblər.

Bundan sonra Ədalət Yusubov KXCP-nin Salyan rayon təşkilatında və Demokratik Birlik Fraksiyasında (DBF) fəaliyyətini davam etdirəcək. AzNews.az-ın əldə etdiyi məlumata görə, partiyada istefalar davam edəcək. Partiya sədrinin müavini Qaya Əliyev də partiyada tutduğu vəzifədən imtina etməyə hazırlaşır.

Məlumatı dəqiqləşdirmək üçün Qaya Əliyevlə əlaqə saxladıq. O, faktı təsdiqlədi. Bildirdi ki, Fraksiya üzvlərindən Ədalət bəy və Fikrət bəy partiyada tutduqları vəzifədən istefa veriblər: "Mən də partiya sədrinin qüvvədə olan sərəncamına əsasən tutduğum müavinlik vəzifəsindən, eləcə də, partiya ali məclisinin təsdiq etdiyi seçki qərargahının tərkibindən istefa vermək barədə düşünürəm".

Qaya Əliyev bundan sonra fəaliyyətini daha çox təsis etdikləri fraksiyanın işinin təşkilinə yönəldəcəyini vurğulayıb.

İlkin
AzNews.az