“Abşeron“dakı davada Lənkəranskiylə Lotu Quli izi - Təfərrüat

13 Fevral 2015 11:25 (UTC+04:00)


Məlum olub ki, burada "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) kriminal qruplaşmasının üzvləri ilə Azərbaycan və İnquşetiyadan olan digər qruplaşmalar arasında hesablaşma baş tutub.

AzNews.az "rosbalt"a istinadən xəbər verir ki, kriminal müharibə hələ 2014-cü ilin avqust ayından başlayıb. Buna səbəb isə Lotu Qulinin adamlarına edilən hörmətsizlik göstərilir.

Belə ki, Lotu Qulinin kriminal dəstəsinin üzvləri ilə əlaqələri olan bir neçə nəfər avtosalonların birindən dörd maşın almaq istəyib. Maşının dəyərini ödəyəndən sonra onlar maşınların verilməsini gözləyiblər. Lakin gözlənilmədən avtosalon işçiləri komissiya xərcləri kimi hər maşına görə dəyərinin 30 faizi həcmində əlavə ödəniş etməyi bildiriblər. Bu zaman mübahisə başlayıb. Lakin alıcılar nə maşınları, nə də pulları götürə bilib.

Lotu Qulinin adamları tez bir zamanda müəyyənləşdiriblər ki, avtosalonun sahibi "avtoritet" Ruslan Qardabanskidir. Ruslan ilk öncə maşınları təhvil verəcəyini deyib. Lakin o da öz növbəsində onunla qohumluq əlaqələri olan İnquşetiya cinayətkar qruplaşmasının üzvlərinə müraciət edir.

2014-cü ilin noyabrında Ruslan və İnquşetiya cinayət qruplaşmasının rəhbəri Əhmədin 30 adamı Lotu Qulinin üç adamının olduğu restorana hücum ediblər. Lotu Qulinin təhqir olunan adamları Səlifova zəng vurublar və telefonu Ruslana ötürürlər. "Qanuni oğru" "avtoritet"ə nalayiq sözlər deməyə başlayıb. Bu zaman Əhməd telefonu götürüb və Lotu Qulini söyüb. Bununla da Əhməd və Ruslanın taleyi həll olunub: Səlifov onlar barəsində ölüm hökmü verib.

Tezliklə Moskvada Qardabanskiyə sui-qəsd təşkil edilib. Killerlər ona dörd qüllə vurublar, lakin "avtoritet" sağ qalıb. Ruslanı elə xəstəxanadaca öldürməyə cəhd olunsa da, o, qaça bilib. Əhməd də hesablaşmadan qorxaraq gizlənib. Lotu Qulidən qorxan Ruslanla Əhməd kriminal aləmin nümayəndələri arasında başqa tərəfdaş axtarıblar. Bu isə Səlifovun çoxillik düşməni Rövşən Caniyev (Rövşən Lənkəranski) olub.

Bir sıra davalardan sonra mübahisə tərəfləri fevralın 10-da "Abşeron"da vəziyyəti müzakirə etmək qərarına gəliblər. Rövşən və Ruslanın tərəfdarları ilə Lotu Qulinin tərəfdarları üzbəüz stollarda əyləşərək müzakirələrə başlayıblar. Lakin heç bir müsbət nəticə əldə olunmayıb. Bu isə heç də təəccüblü deyil. Belə ki, artıq söhbət hansısa dörd maşından deyil, illərdir sözləri düz gəlməyən bir neçə qruplaşmanın şəxsi ambisiyalarından gedir.

Uzun söhbətdən sonra səslər yüksəlməyə başlayıb. Lotu Qulinin adamları söz veriblər ki, qarşı tərəfi böyük xoşagəlməzliklər gözləyir. Bundan sonra qarşı tərəfin bir üzvü silahı çıxarıb masa üzərinə qoyub. Bununla da hər şeyə hazır olduqlarını bildirib. Lotu Qulinin adamları silahları götürmək üçün restoranı tərk ediblər. Bunu yaxşı başa düşən qarşı tərəf də silahlarına əl atıb.

Silahlı insident zamanı hər iki tərəfdən ölən və yaralananlar olub. Yaralılar xəstəxanaya aparılmayıb.

Adı çəkilməyən mənbə bildirir ki, Lotu Quli və onun adamları tam qərarlıdırlar və buna görə də bu kriminal müharibə ölümsüz sona çatmayacaq.


AzNews.az