London taksilərindən kütləvi imtina

4 Oktyabr 2012 10:15 (UTC+04:00)

AzNews.az-a Bakıdakı London taksilərinin sürücülərinin verdiyi məlumata görə, taksilərə qoyulan gündəlik planın artırılması narazılıqlara səbəb olub. Sürücülərin sözlərinə görə, əvvəllər 21 manat olan plan 28 manata qaldırılıb. Başqa bir məlumata görə isə, taksi sürücülərinə əmək haqqının ödənilməməsi də narazılıqları artırıb.

Bildirilir ki, işə yeni başlayanda onlara əmək haqqı ödənildiyindən işləmək üçün müraciət edənlər çox olub: "Hətta elə adamlar vardı ki, taksi kimi istifadə etdikləri şəxsi maşınlarını qoyub London taksisi sürmək üçün müraciət etmişdilər. Amma indi onlar işləmək istəmədiklərindən sənədlərini geri götürürlər. Həmçinin, hazırda taksidə işləyənlər də narazı olduqlarından maşınlarını təhvil verirlər".

Məsələ ilə bağlı "Bakı Taksi" MMC-nin avtodəstə rəisi Məcnun Səfərov AzNews.az-a açıqlama verərək işdən imtina hallarının kütləvi xarakter daşımadığını vurğulayıb. M.Səfərovun sözlərinə görə, planın qaldırılması ilə bağlı məlumatlar növbəlilik sisteminə keçidlə bağlı yaranıb. Belə ki, hər sistemdə plan 17 manat təşkil edib ki, bəzi sürücülər tək işləmək istədiklərini bildiriblər. Bu xahişlə müraciət edənlərin plan haqqı 28 manat ödəməsi qərara alınıb: "Bu isə planın artırılması yox, bir qədər də aşağı endirilməsidir. Əvvəl bir növbədə plan 21 manat idi, növbəlilik sisteminə keçdikdən sonra bu məbləğ 17 manata endirildi".

Yeni sistemin tətbiqinin daha çox iş yeri, həmçinin sürücülər üçün daha əlverişli iş mühiti yaratmaq olduğunu deyən MMC təmsilçisi əmək haqqının ödənilməməsi məsələsinə da aydınlıq gətirib. Hazırda sürücülərlə xidməti müqavilə bağlanır ki, bu da sosial ödəmələrin, taksi xidməti üçün ödənişlərin və gəlir vergisinin şirkət tərəfindən ödənilməsini təmin edir: "Xidmət müqaviləsində sürücülərə əmək haqqı ödənilməsi nəzərdə tutulmur".

London taksiləri ilə bağlı daha bir narazılıq isə naviqator sisteminin olmamasıdır ki, müştərilər bu zaman gecikmə hallarından sikayətlənirlər. M.Səfərov bildirib ki, hazırda taksilər 50 faizi ratsiya ilə təmin edilir: "Sifariş ratsiya ilə elan edildikdə kim birinci cavab verirsə, sifarişə o gedir. Ola bilsin ki, bir sürücü yaxınlıqda olduğunu iddia edib bir-iki dəfə yalan danışmağa çalışsın. Amma belə hallar tez məlum olur və o sürücü ifşa edilir. Bundan başqa konkret yerlərə təhkim edilən taksilər də var ki, biz onlarla bağlı bütün məlumatları bilirik".

2013-cü ildən London taksilərində gözlənilən yeniliklərdən danışan M.Səfərov GPS sisteminin tətbiq olunacağını vurğulayıb: "Bu elektron idarəçiliyi nəzərdə tutan və inkişaf etmiş ölkələrdə tətbiq olunan sistemdir".

MMC təmsilçisi taksi sürücülərinin kütləvi şəkildə işdən imtina etməsi ilə bağlı məlumatlara da münasibət bildirib: "Bütün yeniliklər hay-küylə qarşılanır. Gündə 4-5 nəfərin taksini təhvil verməsi adı haldır. Sürücülərdən kiminsə işi buraxması planın artırılması ilə bağlı deyil. İkinövbəlilik sistemi təklif ediləndə 18 nəfər işdən getdi. Hazırda Bakıda 1000 taksi var ki, onların da gündəlik 970-990 - u əraziyə çıxır".

Elnarə Əlosmanqızı
AzNews.az